Müəmmalı qətlin TARİXÇƏSİ - II HİSSƏ - Müşfiq Abbasov yazır
    • 2-07-2020, 11:49
    • 1 643

Müəmmalı qətlin TARİXÇƏSİ - II HİSSƏ - Müşfiq Abbasov yazır

Əvvəli bu linkdə: https://news24.az/huquq-ve-cemiyyet/44622

Həmin vaxt Şəmkir korpusunda ağır bir cinayət işinin istintaqını aparırdım. 

Respublika Hərbi Prokurorunun müavini mənə zəng eləyib Qazax hərbi prokurorluğuna getməyimi və orada bir cinayət işini icraata götürməyimi tapşırdı. 

Qazax hərbi prokuroru mənim ilk prokurorum olub. Müstəntiq kimi ondan çox şey öyrənmişəm. 

Sonradan mühüm işlər üzrə böyük müstəntiq olsam da, yenə onu istintaq sahəsində müəllimim hesab edirdim. O, çox güclü istintaqçı idi. 
Tapşırığa əsasən, Qazax Hərbi Prokurorluğuna gəldim, öyrəndim ki, əsgərlərimizdən biri güllə yarası alıb və hərbi hospitala yerləşdirilib. Əsgər deyib ki, o, ermənilər tərəfindən döyüş postunda vurulub. 

Qeyd edim ki, həmin dövrdə hərbi hissələrdəki postlarda belə hallara tez-tez rast gəlinirdi. 

Mən həmin əsgərlə görüsmək üçün Gəncədəki hərbi hospitala getdim. Güllə Nazimin (əsgərin adı Nazim idi-red) kürəyindən girib sinəsinin sağ tərəfindən çıxmısdı. 

Həkimlər deyirdi ki, Nazim uzaq məsafədən vurulub və onu avtomat gülləsi ilə yaralayıblar. Güllə bədəni deşib keçdiyi üçün aşkarlanmamışdı. 
Nazim bir həftə qabaq olan hadisə haqda ifadə verdi, dedi ki, həmin gün əsgər yoldaşı Cavidlə döyüş postunda xidmətdə olublar. Gecə saatlarında ermənilər atəşkəsi pozub. Onunla Cavid də qarşı tərəfə cavab atəşi açıblar. Atışma zamanı düşmənin atdığı güllələrdən biri ona dəyib və post başçısı MAXE (Müddətdən artıq xidmət edən-red) İmran Dadaşov onu döyüş mövqeyindən çıxarıb. 

Belə atışmalarda adətən, əsgərlər səngərin içərisində olduğundan güllənin Nazimin kürəyindən dəyməsi şübhə doğururdu.

Bu səbəbdən də əsgərin ifadəsini alıb Qazaxdakı həmin döyüş postuna gəldim. Məni post başçısı İmran Dadaşov qarşıladı və hadisənin baş verdiyi yerə apardı. Həmin səngərlə ermənilərin arasındakı məsafə təxminən 500 metr olardı. O ərazidə tez-tez atışmalar baş verirdi. 

Mən hadisə vaxtı döyüş postunda Nazimlə birgə xidmət edən Cavidin də ifadəsini aldım. O, Nazimin dediklərini olduğu kimi təsdiqlədi. Həmin vaxt postda olan bütün əsgərlər də verdikləri ifadələrində o gecə ermənilərlə atışma olduğunu və Nazimin düşmən tərəfindən atılmış gülləyə tuş gəldiyini dedilər. 

Amma yenə də güllənin onun bədəninin həmin nahiyəsinə dəyməsi diqqətçəkən idi. Görünür, rəhbərliyi də bu narahat edirdi. Çünki həmin güllənin öz əsgərlərimiz tərəfindən atılması da ehtimal edilirdi. 

Amma dindirmələr zamanı bu, təsdiq olunmadı. Post başçısı İmran Dadaşov məni nahara dəvət elədi və mən də təklifi məmnuniyyətlə qəbul elədim.
 
Bütün səmimiyyətimlə deyirəm, cəhbədə əsgərlərlə birgə nahar eləmək hansısa vəzifəli şəxslə dəbdəbəli şam yeməyindən qat-qat maraqlı və qürurvericidir. Bunu yəqin hərbi prokurorluğun isçiləri də təsdiq edər. 

Postda işimi yekunlaşdırdıqdan sonra Tovuza geri döndüm. Tovuza gedən yol Ağstafa rayonunun içindən keçir. Mən Ağstafaya çatanda Fikrətə zəng elədim. O, prokurorluqda olduğunu və səbirsizliklə məni gözlədiyini dedi. Fikrət prokurorluğa müstəntiq təyin olunandan sonra onunla görüşməmişdik. Vədələşdiyimiz kimi, mən Ağstafa rayon prokurorluğuna gəldim. Biz görüşüb onun otağına keçdik. Yenicə söhbətə başlamışdıq ki, qapı açıldı və otağa baş ədliyyə müşaviri geyimində bir nəfər girib Fikrəti “niyə işinlə məşğul deyilsən” deyə danladı. Bu səxs onun prokuroru idi. Fikrət mənim hərbi prokurorluğun müstəntiqi olduğumu ona izah eləməyə çalışsa da, prokuror buna əhəmiyyət verməyib getdi. Onun bu münasibəti Fikrətə pis təsir elədi və o, baş verənlərə görə üzrxahlıq eləmək istədi, mən də onu qabaqlayıb "boş ver, olan şeydir" dedim. Hələ tələbəlik illərindən şəxsiyyətinə və bacarığına hörmət elədiyim dostumun belə bir adamla çalışması məni narahat elədi. Daha sonra biz prokurorluğun binasından çıxıb yaxınlıqdakı yeməkxanada çay içdik. Söhbət zamanı Fikrət Qırlı kəndində baş verən cinayət hadisəsindən danışdı. O, həmin işin bütün detallarını mənimlə müzakirə eləmək istəyirdi. Mən onun necə peşəkar, hadisələri doğru təhlil etmək qabiliyyətinə malik müstəntiq olduğuna bir daha əmin oldum. Sonda o, bu cinayətin hərbiçilər tərəfindən də törədilə biləcəyini dedi. 

Mən ondan hadisənin nə vaxt baş verdiyini soruşdum. Fikrətin cavabından məlum oldu ki, həmin hadisə Qazaxdakı əsgərimizin yaralandığı günə təsadüf edib. Mən bu barədə Fikrətə dedim, amma həmin cinayətlərin bir-biri ilə bağlı ola biləcəyinə ehtimal vermədim. 

Fikrət qəribə versiya səsləndirdi: “Bəlkə yanacaqdoldurma məntəqəsinə gələn həmin əsgərdir?” Mən bunu inandırıcı saymadım, çünki ifadələrə görə, əsgər həmin vaxt postda olub, o, yanacaqdoldurma məntəqəsinə necə gələ bilərdi?! 

Fikrət dediklərimlə razılaşsa da, bu ehtimalı araşdırmağımı xahiş elədi. Mən həmin dəqiqə postun tabe olduğu bölük komandirinə zəng edib MAXE İmran Dadaşov barədə soruşdum. Çünki bilirdim ki, heç bir əsgər post başçısının xəbəri olmadan Ağstafaya gələ bilməzdi. Bölük komandiri mənə MAXE Dadaşovun Ağstafadan olduğunu dedi. Daha sonra Fikrət onun avtomobilinin olub-olmadığını dəqiqləşdirməyimi istədi. Bölük komandirinin cavabı hər ikimizi çox təəccübləndirdi.

(Ardı var)