Bu il qurbanlıq heyvanlar online şəkildə sifariş olunacaq - QAYDALAR AÇIQLANDI - ÖZƏL
    • 9-07-2020, 16:31
    • 1 717

Bu il qurbanlıq heyvanlar online şəkildə sifariş olunacaq - QAYDALAR AÇIQLANDI - ÖZƏL

Avqustun 1-i Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. İnsanlar artıq indidən heyvan almağa başlayıb.  Bəs hazırki pandemiya dövründə heyvan kəsimi hansı qaydada aparılacaq? Bununla bağlı nə kimi dəyişikliklər gözlənilir? 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlüksizliyi Agentliyinin şöbə müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il qurban bayramı pandemiya dövrünə təsadüf etdiyinə görə, müqəddəs bayramın keçirilməsi qaydaları nəzərə alınacaq: “Heyvanların kəsilməsi, diri heyvanların satışı, vətəndaşlar tərəfindən bu heyvanların alınması, eyni zamanda heyvan kəsildikdən sonra müəyyən müddət ətin doğranması, xırdalanması ilə əlaqədar adamların bir yerə toplaşması baş verir ki, bu da pandemiyanın qarşısının alınması üçün  sosial izolyasiya tədbirlərinin tələblərinə ziddir. Ona görə də ilk növbdə qurbanlıq heyvanların kəsimində mütləq bu amillər nəzərə alınmalıdır. Son bir neçə ildə  ölkəmizdə belə bir təcrübə formalaşıb ki, vətəndaşlar bəzi hallarda online şəkildə iri marketlər şəbəkəsinə, yaxud heyvan kəsimi müəssisələrinə  əvvəlcədən sifariş edirlər, sonar yaxınlaşıb qurban ətini alırlar. Biz tövsiyə edirik ki, bu il bu üsul daha geniş tətbiq olunsun”. 

Q.Əbdüləliyev onu da vurğulayıb ki, bu il Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunmalı, heyvan satışı və kəsimi ilə məşğul olanlar COVID-19 testindən keçməlidirlər: “Kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərə COVID-19 testini vermək isə mütləqdir. Çünki bayram günü Agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq”.

Qalib Əbdüləliyevin sözlərinə görə, vətəndaşlar qurbanlıq ət və ya heyvanın alışını öncədən də sifariş edə bilərlər. Bunun üçün həm müxtəlif marketlərdə, həm də heyvan kəsimi müəssisələrində şərait yaradılıb.

Afaq Mirayiq