Milli Məclisdəki dağıntıların görüntüsü - FOTOLAR
    • 15-07-2020, 13:47
    • 482

Milli Məclisdəki dağıntıların görüntüsü - FOTOLAR

"Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb".

Milli Məclis Aparatından News24.az-a verilən məlumata görə, yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Bu gün Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, Ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq.