Peşə təhsili müəssisələrinə tələbə qəbulunda yenilik
    • 10-08-2020, 11:46
    • 647

Peşə təhsili müəssisələrinə tələbə qəbulunda yenilik

"Ötən illər ərzində peşə təhsil müəssisələrində tələbə qəbulu "Asan" Xidmət tərəfindən həyata keçirilirdi. Amma artıq "Asan" Xidmət bu prosesi həyata keçirməyəcək. Artıq sənəd qəbulu mərkəzlədirilmiş sistemdən həyata keçiriləcək. Vətəndaşlar evdən fərdi qaydada qeydiyyatdan keçə bilərlər. Kənar müdaxilələrin qarşısını alınması üçün bu addımı atdıq. Tam şəffaf şəkildə sənəd qəbulu həyata keçirilir, ixtisas seçilir və heç bir maneə törədilmir. Müraciətçi müraciəti edib, şəxsi kabineti yaratdıqdan sonra müsabiqədən keçib-keçmədiyi barədə məlumatları şəxsi kabinetindən öyrənə bilərlər. Bu ildən tələbələr bütün Respublika üzrə qəbul planını rəsmi saytdan əldə edə bilərlər. Onlar bütün məlumatları elektron qaydada qeyd edə bilərlər. Hər bir şəxsdən xahiş edirik ki, sistemə özləri daxil olsunlar və məsuliyyəti özləri üzərlərinə götürsünlər. Şəxs oxumaq istədiyi müəssisəni və ixtisası elektron qaydada qeyd etməlidir". 

News24.az xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı keçirilən mətbuat konfransında Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin baş məsləhətçisi Röyal Yolçuzadə deyib. O bildirib ki, 25 avqustdan etibarən müsabiqədə qeydiyyatdan keçənlərə nəticələr barədə sms bildiriş gələcək:"İkinci mərhələnin olub-olmamasını demək hazırda mümkün deyil. Bu, birinci mərhələdən sonra aydın olacaq. İkinci mərhələ üçün vakant yerlər qalarsa, bu barədə məlumat veriləcək. İxtisas seçimi edərkən vətəndaşlar öz yaşadıqları əraziyə yaxın müəssisələri qeyd etməlidilər. Ən çox tələb olunan ixtisaslar ən çox tələb olunan yerlər demək deyil".

R.Yolçuzadə qeyd edib ki, məlumatlar mütəmadi olaraq Təhsil Nazirliyinin sosial şəbəkələrində və rəsmi saytında yer alacaq, həmçinin qeydiyyat ödənişsizdir.