3 nəfər qəbul imtahanından xaric olundu
    • 13-08-2020, 15:21
    • 737

3 nəfər qəbul imtahanından xaric olundu

Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, avqustun 14-də DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.