-
- 14-08-2020, 11:34
- 2 322
Ermənistan TƏŞVİŞDƏ: Gələcəkdə Türkiyə ilə BİRGƏ HƏRBİ ADDIMLAR atıla bilər - DEPUTAT
“Türkiyənin Azərbaycana açıq dəstəyi Ermənistanı təşvişə saldı”.
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Musta deyib.
Deputat bildirib ki, Türkiyə rəhbərliyinin nümayəndələrinin Bakıya gəlişi birbaşa mesaj idi: “Yəni Azərbaycanın maraqlarının qorunması istiqamətində Türkiyə kifayət qədər iddialı bir mövqe sərgilədi. Türkiyə ilə bizim münasibətlərimizin bu səviyyəyə gəlib çatması olduqca müsbət bir tendensiyadır. Əslində, bu addım gözlənilən idi. Amma bu ərəfədə Türkiyənin Azərbaycana açıq dəstək verməsi Azərbaycanın tək olmadığını göstərdi. Azərbaycan ordusunda və insanında da əhval-ruhiyyəni xeyli gücləndirdi.
Təlimlərin keçirilməsi təkcə təcrübə baxımından deyil, həm də mənəvi dəstək baxımından da Azərbaycana böyük bir fayda oldu. Bu proses bundan sonra da yüksələn xəttlə inkişaf edəcək və Azərbaycan öz düşmənlərinə qarşı Türkiyə ilə birgə mübarizə aparacaq”.
Millət vəkili hesab edir ki, Türkiyənin Azərbaycana olan dəstəyini ifadə etməsi Ermənistanı təşvişə saldı: “Çünki anlayırlar ki, qardaş ölkənin bölgədə məsələlərə müdaxiləsi ön plana keçir. Yəni Türkiyə Ermənistanın işğalçılıq siyasətinə qarşı sərt mövqe ifadə edəcək”.
Deputatın fikrincə, indiki məqamda Türkiyə ilə hansısa ortaq hərbi əməliyat gözlənilmir: “Amma gələcəkdə birgə addımlar atıla bilər. İndiki təlimlər isə sadəcə hazırlıq xarakteri daşıyır”.
Məhərrəm Əliyev