“Hərbi yola əl atsaq, heç kim inciməsin” – Politoloqdan SƏRT AÇIQLAMA
    • 14-08-2020, 15:18
    • 1 880

“Hərbi yola əl atsaq, heç kim inciməsin” – Politoloqdan SƏRT AÇIQLAMA


"Ermənistan KİV-ində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturları”nın Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb".


Politoloq İlqar Vəlizadə məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, Ermənistan sülh danışıqlarından yalnız öz məqsədləri üçün istifadə edir: 

“Yəni qarşı tərəf işğal siyasətini uzatmaq niyyətini üzə çıxarır. Şuşa isə Azərbaycanlıların yaşadığı bir şəhərdir. Danışıqlar prosesində bu məsələyə toxunulur ki, Azərbaycanlılar öz doğma vətənlərinə qayıdandan sonra Şuşada da məskunlaşa bilsinlər. Bu hərəkətlər onu göstərir ki, Ermənistan bizə Şuşanı və digər işğal edilmiş ərazilərimizi qaytarmaq niyyətində deyil”.
 
İ.Vəlizadə Minsk qrupunun bu məsələdə ikitərəfli siyasət yürütdüyünə işarə edib: “Minsk qrupu bunu anlamalıdır ki, məcburi köçkünlər Azərbaycan tərəfinə qaytarılmalıdır. Onların öz doğma yurd-yuvalarına təhlükəsiz yerləşdirilməsi təmin olunmalıdır. Bu məsələyə tək Azərbaycan yox, Minsk qrupu da reaksiya verməlidir. 

Bundan əlavə, Minsk qrupunun konkret həmsədrləri var - Rusiya, Fransa və ABŞ. ABŞ-ın konqressdə müzakirə olunan bir qərarı var. Bu müzakirədə açıq görünən nüans budur ki, qaçqınlar problemindən zərər çəkmiş tərəf Azərbaycandır. Detallar bütün xırdalığına kimi aydındır. Amma onların bu münasibəti daha kəskin və Ermənistanla danışıqlar formatında olmalıdır. Yəni əyani göstərməli və icra etməlidirlər. Amma bunu etmirlər. Səbəb kimi, erməni lobbisini nümunə deyə bilərik. 

Fransaya gəldikdə isə onlar bu məsələdə hansısa prinsiplərin tərəfdarı olduğunu deyir, amma bunlar boş sözlərdir. Konkret olaraq əməldə heç biri bunu göstərmir. Yəni Dağlıq Qarabağ məsələsində olan prinsiplər Fransa tərəfindən müdafiə olunmur. 

Rusiya aydındır ki, Ermənistanın hərbi müttəfiqidir. Amma Rusiya Minsk qrupunun həmsədri olduğu üçün Ermənistanla müəyyən distansiya saxlamalıdır. Həmin distansiyanı biz bu məsələdə görmürük. Hər halda Rusiya tərəfi də nəzərə almalıdır ki, bu məsələdə  müəyyən prinsipiallıq göstərmək lazımdır”. 

O, qeyd edib ki, bütün hallarda Azərbaycan tərəfindən qaldırılan məsələlər qarşı tərəfdən eşidilir: “Biz hazırda reaksiya gözləyə bilərik. Reaksiya isə danışıqlar prosesində olmalıdır. Bu, olmadığı təqdirdə, əlbəttə ki, hərbi-siyasi müstəvidə olan proseslər inkişaf edəcək. Azərbaycanın hərbi müstəvidə atacağı addımlardan heç kəs inciməsin”.

Məhərrəm Əliyev