İlham Əliyev Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR - YENİLƏNDİ
    • 18-08-2020, 14:46
    • 785

İlham Əliyev Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

News24.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd etdi. Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlətinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirdi.

Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dövlət başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi.

Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğuladı.

Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət başçıları səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm təkan verdiyini qeyd etdi.

Səfir, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq, Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, “ASAN xidmət” nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirdi.

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaş olduğunu dedi. Eyni zamanda, səfir kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirdi.

Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə etdi. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirdi. Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmənalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirdi.

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Özbəkistanın Prezidentinə çatdırmağı xahiş etdi.

***11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

News24.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.