Kəramət Böyükçöl... ”Çöllüyü” olan, amma “böyüklüyü” olmayan adam... - Müşfiq Abbasov YAZIR
    • 19-08-2020, 13:01
    • 3 363

Kəramət Böyükçöl... ”Çöllüyü” olan, amma “böyüklüyü” olmayan adam... - Müşfiq Abbasov YAZIR

Bu günlərdə sosial şəbəkələrin müzakirə etdiyi bir mövzu var. Bu da Kəramət Böyükçölün son çıxışları və polis tərəfindən saxlanılmasıdır. Kəramətin istedadlı şəxs olduğunu inkar etmək olmaz. İstedad Allah vergisidir və o da bunu inkişaf etdirib. Amma gəlin görək Kəramətin bu istedadı nəyə və kimlərin maraqlarına xidmət edir. Bəlkə də bu istedad pivə və araq şüşələrinin fonunda itib batır.      

“Facebook” hesabımda dostluğumda olduğuna görə Kəramət canlı yayım açarkən mən də ona baxırdım. Və hər dəfə də ona sadəcə yazığım gəlir və təəssüf edirdim. Bu cür çıxışlardan sonra Kəramətin polislər tərəfindən saxlanılması da labüd idi. Normal, ağlı başında olan insanların hamısı bunun baş verəcəyini dərk edirdi. Onun içkili vəziyyətdə sosial şəbəkə hesabında canlı yayım açaraq ölkə başçısının adını tez-tez hallandırması, bu və ya digər şəxslərlə bağlı təhqirlərə yol verməsi qəbul olunan deyildi də.      

Kəramət “facebook” hesabında içkili vəziyyətdə təhqirlərə yol verərkən bəlkə də elə dərk edirdi ki, sərxoş halda dediyi təhqiramiz ifadələrə görə cinayət məsuliyyəti daşımır. Amma bu belə deyil. Şəxsin sərxoş halda cinayət törətməsi onu cinayət məsuliyyətindən azad etmir. Kəramətin bu günə düşməsində canlı yayım zamanı ona tərif yağdıran, onu qızışdıran monitor qəhrəmanlarının da rolu az deyil. Təsəvvür edin, adam göz görə-görə cinayət edir və buna “əhsən”, “kişi adamsan” və sair qızışdırıcı sözlər deyənlər var. İndi hardadır ona “kişi adamsan” deyənlər? Biri çıxıb indi bir status yazsın ki, “Kəraməti niyə tutursunuz”.    

Ölkədə bütün məmurları, hətta prezidenti belə tənqid etmək olar. Tənqidi mən də normal qəbul edirəm. Bütün cəmiyyətlərdə tənqid olmalıdır. Əksinə iqtidarı tənqid etmək elə ən çox iqtidarın özünə lazımdır. Atalar məsəli var: “Güldürənin yanında deyil, ağladanın yanında otur”. Qoy iqtidar da normal tənqiddən nəticə çıxarsın. Ona görə də Kəramət iqtidarı tənqid etsin, amma təhqir yox. Biri ona başa salmalı idi ki, təhqir cinayətdir.

Kəramət əsl yeyib-içən, yaxşı sağlıq deməyi bacaran istedadlı adamdır, yəni öz təxəllüsünün son abzasına uyğun “çöl” adamıdır, amma “böyük” adam deyil. Öz davranışları ilə cəmiyyət üçün zərrə qədər nümunə olmağını istəmədiyim bu “çöl” adamının elə canlı yayımı sərxoş halda açması, minlərlə insanın qarşısında ağzına gələn söyüşləri etməsi özü bir tərbiyyəsizlikdir. Ona görə Kəramət kimi insanları “qəhrəman” elan etmək lazım deyil. Yəqin ki, bu günlərdə ona inzibati qaydada 15-20 günlük həbs veriləcək. Təki azadlığa çıxdıqdan sonra istedadını lazım olan istiqamətə düzgün yönəltsin və özündən çox istədiyi övladını sərxoş deyil, ayıq halı ilə böyütsün.

P.S Bu arada polislərin yenə də vətəndaşın evinə girməyi və Kəraməti o cür aparmaları qanunsuzdur. Nədənsə polislərimiz vətəndaşları polis bölmələrinə sivil qaydada və qanuni yollarla dəvət etməyə ərinirlər. 

Müşfiq Abbasov