Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib-FOTO
    • 8-10-2018, 20:00
    • 2 140

Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib-FOTO

Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş “Ah, bu uzun sevda yolu“ tamaşasının
premyerası keçirilib. Teatrın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən reallaşıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı MikayılMüşfiqin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.

 Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub.

 Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), xalq artisti Hacı İsmayılov (Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), əməkdar artistlər Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən Cəbrayılov (aparıcı) ifa edir.

Tamaşanı Xanım Həsənova idarə edib.