Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb - FOTO
    • 3-09-2020, 16:26
    • 653

Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüşüb. 

News24.az xəbər verir ki, görüşdə “İnnovasiyalar Mərkəzi” MMC-nin, “BESTCOMP”, “SİNAM”, “R.İ.S.K”, “İDRAK”, “Cybernet”, “ULTRA”, “BEST Solutions” şirkətləri təmsil olunub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev innovativ tətbiqlərin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, elektron hökumət quruculuğunun geniş tətbiqi və innovativ iqtisadiyyatın inkişafı üçün özəl sektor mühüm rol oynayır.

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri Hikmət Abdullayev AZİNNEX-in fəaliyyəti, innovasiyaların davamlı inkişafı istiqamətində dövlət dəstəyi və ixracda mövcud maneələr haqqında geniş məlumat verib. Həmçinin ölkəmizin XXI əsrdə qlobal müstəvidə rəqabətliliyinin artırılması üçün innovativ iqtisadiyyatın davamlı inkişafı istiqamətində aparıcı texnoloji şirkətlərin baxışları  haqqında danışılıb. 
     
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu arasında bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb. 

Xatırladaq ki, Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna daxil olan şirkətlər innovativ məhsullarını və xidmətlərini 20-dən artıq ölkəyə ixrac edir.