Azərbaycanda peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır
    • 4-09-2020, 19:03
    • 1 017

Azərbaycanda peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır

Sentyabrın 4-dən Azərbaycanda peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə start verilir. Sənəd qəbulu 14 sentyabr saat 18:00-dək davam edəcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, II mərhələ https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdə aparılır. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Bundan əlavə, I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edən şəxslərin də II mərhələyə qatılmaq şansı var.

Bildirək ki, qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul namizədin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat "Şəxsi kabinetim" bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə "SMS" vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olunduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaq.

Qeyd edək ki, peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilib. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11 743-ü ixtisas seçimini yekunlaşdırıb.