Başına lift düşən xadimənin işi ilə bağlı yeni xəbər
    • 9-10-2018, 14:00
    • 966

Başına lift düşən xadimənin işi ilə bağlı yeni xəbər

Başına lift düşərək ölən xadimənin işi ilə bağlı “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən onun ifadəsi alınıb, sonra sərbəst buraxılıb.
Hazırda cinayət işi üzrə zəruri hallar araşdırılır. 
Qeyd edək ki, hadisə Asif Məhərrəmov küçəsi, 44 ünvanında “Göyəzən MTK-nın inşa etdiyi binada baş verib.
Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.
İlkin araşdırma nəticəsində məlum olub ki, lift 2016-cı ildə mənzil mülkiyyətçilərinin müştərək idarə etdiyi “Nəsimi 3” adı ilə qeydiyyata alınmış şirkət tərəfindən quraşdırılan liftin trosları zədələnib. Lakin “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu bu sahə üzrə heç bir peşə bacarığı olmadan, özbaşına, aidiyyəti qurumların mütəxəssislərini dəvət etmədən və texniki təhlükəsizlik qaydalarına riayət etmədən liftin kabinəsini saxlayan trosları dəyişmək üçün lifti doqquzuncu mərtəbəyə qaldırıb, liftin aşağı düşməsinin qarşısını almaq üçün onuncu mərtəbədə liftin mühərrikinin şkiflərinin üzərindən üç ədəd trosu sıxac vasitəsilə şkifə sıxıb.
Daha sonra o, birinci mərtəbədəki liftin şaxtasına girib liftin troslarına bağlanmış yükləri açıb. MMC rəhbəri müəssisədə xadimə işləyən, Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olmuş, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızına lift şaxtasının döşəməsini zibillərdən təmizləməyi tapşırıb.
Bundan sonra S.Əzizov liftin mühərrik hissəsinə gələrək şkifə bağladığı trosun boltunu açıb. Bu vaxt liftin kabinəsi doqquzuncu mərtəbədən yüksək sürətlə aşağı enərək, şaxtada təmizlik aparan qadının üzərinə düşüb. Hadisə nəticəsində liftin altında qalan qadının baş və beyni əzilərək dağılıb, nəticədə, o, hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Etibar Məmmədov