“Ali təhsil haqqında” qanun layihəsi hazırlanır
    • 21-09-2020, 13:52
    • 698

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanır

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” sənədin müzakirəsi  daxil edilib.

Qanun layihəsinə təklif olunan  dəyişiklikləri ətraflı şərh  edən Bəxtiyar Əliyev qeyd etdib ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. Müzakirəyə  çıxarılan “Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə  “Təhsil haqqında”  qanunun  32.2-ci maddəsinə uyğunlaşdırılır. Komitə  üzvləri  Musa  Qasımlı,  Rafael  Hüseynov, Etibar Əliyev,  Müşfiq  Məmmədli, Kamilə Əliyeva,  Şahin Seyidzadə,  Ceyhun Məmmədov sənədlə  bağlı qeyd və təkliflərini bildiriblər.

Sənədin Milli Məclisin plenar iclasına  tövsiyə edilməsi məqsəduyğun hesab edilib. 

Sonra  onlayn toplantıda komitənin cari işləri ilə bağlı fikir mübadiləsi  aparıldı. “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub.

Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdıb.