“Space TV” Azərbaycan televiziyası üçün qara ləkədir” - KAMRAN HƏSƏNLİ SƏRT DANIŞDI - VİDEO
    • 21-09-2020, 14:38
    • 917

“Space TV” Azərbaycan televiziyası üçün qara ləkədir” - KAMRAN HƏSƏNLİ SƏRT DANIŞDI - VİDEO

“Son beş ildə bizim televiziyamız elə günə qalıb ki, ordan yalnız qaçmaq lazımdır, mən də qaçdım. Ata-babalarımızdan hər zaman belə bir söz eşitmişik ki, heç vaxt qadın öz həyat yoldaşından danışmaz. Çünki mentalitetimizə uyğun deyil. İndi verilişlərdə arvad öz ərindən danışır, ər arvaddan şikayət edir. 2006-cı ildə Azərbaycan televiziyasında rüşvət, korrupsiya, intelektə düşmənçilik, yalançı reytinq girdi”.

News24.az xəbər verir ki, bu sözləri Murad Arifin "Popumuz var" layihəsində teleaparıcı Kamran Həsənli deyib. O, söhbət əsnasında “Space” Televiziyasını çox sərt şəkildə tənqid edib: “Bizim insanlar Azərbaycan televiziyasına nifrət edirlər, bu isə faciədir. Bu gün “Space”də nə görürsünüzsə bu bilavasitə Vaqif Mustafayevin düşüncəsidir. Verilişimdəki dekorasiyanı öz cibimdən düzəltmişdim. Üç həftə sonra Vaqif Mustafayev verilişi bağladı. Dedi ki, orda rəqs etmək lazımdır, cazdan, Qarabağdan, intelektdən danışmaq yox. Bir dəfə Vaqif Mustafazadəyə həsr olunmuş veriliş hazırladıq, üstündən heç bir gün keçmədi Vaqif Mustafayevin kabinetində savaş çıxdı. Nələr dedi, nələr. Onun caza nifrəti var. Reytinqə görə hind kinolarını nümayış etdirir. O, hələ də düşünür ki, camaat buna baxır. Hind filmi çoxdan iflasa uğrayıb. O, televiziyanın qara ləkəsidir”.

Teleaparıcı bildirib ki, Azərbaycanda ilk canlı verilişi özü yaradıb: “Sizin saat”ı icra etdiyimə görə nə qədər özümü söyürəm. 2000-ci ildə ilk canlı şounu mən yaratmışam, qələt eləmişəm. Üstündən 20 il keçib hələ də studiyaya divan qoyub, qonaq çağırıb oxutdururlar”.

Sevda Bayramova