Təhsil Nazirliyi Arsak toponiminin elmi mənşəyi ilə bağlı vebinar keçirib
    • 23-09-2020, 13:18
    • 420

Təhsil Nazirliyi Arsak toponiminin elmi mənşəyi ilə bağlı vebinar keçirib

Sentyabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Arsak toponiminin elmi mənşəyinə dair onlayn vebinar təşkil edilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə Vebinarda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə və media nümayəndələri iştirak edib.  

Vebinarda çıxış edən Ramin Əlizadə Arsak toponiminin elmi mənşəyi barədə ətraflı məlumat verib. Bildirib ki, əslində Arsak adı Sak etnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə “Sak əri, ərəni” deməkdir. Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir.

Ramin Əlizadənin sözlərinə görə, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan Alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərini “Arşaki soyundan olan Alban türkləri” adlandırıblar. Arsak adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində əsasən yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Azərbaycanın şimalında qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimləri, hazırda isə Azərbaycan Respublikasında Şəki şəhərinin, Zaqatala rayonunun, Zəngəzurda Sisakan (Sisian) rayonunun, Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlib. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı.

Ramin Əlizadə qeyd edib ki, Ərsak adı ermənicə təhrif olunmuş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edilib.

Sonra vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.