Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır - FOTO
    • 23-09-2020, 18:06
    • 498

Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır - FOTO

Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.

News24.az xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib.

Onun sözlərinə görə, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb:

“İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, Leylandr və Həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib”.

V.Fərzəliyevin qeyd edib ki, ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib:

"Mütəxəssislər tərəfindən rəy verilib ki, köküstə qurumuş və bioloji inkişafdan dayanmış ağaclar mövsümdə yeniləri ilə əvəzlənməsi şərtilə götürülsün. Yarıqurumuş ağacların isə budanması və analizin nəticələrindən asılı olaraq zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlanması qərara alınıb”.