Ağdam və Tərtər rayonlarına FHN-in müvafiq qüvvələri CƏLB EDİLDİ
    • 27-09-2020, 19:54
    • 748

Ağdam və Tərtər rayonlarına FHN-in müvafiq qüvvələri CƏLB EDİLDİ

Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.

Yanğınlar görülmüş operativ tədbirlər nəticəsində qısa müddətdə söndürülüb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.