Saatlıdakı faciəvi hadisənin təfərrüatı: Cansız bədənləri 2 gün evdə qalıb...
Hadisə
Saatlı rayonunda ər-arvadın dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
News24.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib. Kənd sakinləri — 92 yaşlı İbrahim İsmayılov və 89 yaşlı Pəri İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Məlumata görə, yaşlı cütlük uzun illərdir tək yaşayırmış. Hadisədən təxminən üç gün əvvəl qohumları onların evində olub və hər iki şəxsin səhhətində hər hansı ciddi problem müşahidə edilməyib. İsmayılovların vəfat etməsi isə ehtimal ki, bundan iki gün sonra baş verib.
Qonşular iki gün ərzində yaşlı cütlüyü həyətdə görmədikləri üçün narahat olub və vəziyyəti yoxlamaq məqsədilə evə daxil olublar. Bu zaman ər-arvadın cansız bədənləri aşkar edilib.
Hadisə ilə bağlı dərhal mərhumların övladlarına və aidiyyəti qurumlara məlumat verilib. Fakt üzrə araşdırma aparılır.