İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq
    • 30-09-2020, 16:56
    • 754

İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"

"Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir".

News24.az
xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı söyləyib.

"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk.

Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır", - dövlət başçısı bildirib.