Anaların sevinci, məsafəli qayğı - 6 AYDAN SONRA AÇILAN BAĞÇALAR - FOTOLAR
    • 1-10-2020, 19:04
    • 649

Anaların sevinci, məsafəli qayğı - 6 AYDAN SONRA AÇILAN BAĞÇALAR - FOTOLAR

Gözəl heykəl düzəltmək və içində nəfəs almaq yaxşıdır. Lakin gənc zehni inkişaf etdirmək, onun gənc ruhunu  formalaşdırmaq və onda həqiqət hissini yaratmaq daha yaxşıdır – Viktor Hüqo

Azyaşlı uşaqların tərbiyəsi təkcə valideynlərindən aldıqları ilə bitmir. Onlara ikinci tərbiyəni verən və məktəb üçün təməl sayılan məhz bağçalardır. 
Dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar olaraq 6 aydır qapılarını uşaqların üzünə bağlayan bağçalar bu gündən etibarən azyaşlılara qovuşdu. 

News24.az saytı olaraq 205 saylı Uşaq Bağçasına baş çəkdik. 

Öncə onu qeyd edək ki, bağçanın həyətinə valideynlərin girməsinə icazə verilmir. Bağça daxilində isə öncə hərarət ölçülür sonra isı əllər dezinfeksiyaedici məhlulla dezinfeksiya edilir.

Yarım illik fasilədən sonra bağçaların fəaliyyətinin bərpa olunması ilə bağlı 205 saylı Uşaq Bağçasının direktoru Səidə Həsənovanın fikirlərini öyrəndik. O bildirdi ki, müəssisənin işi pandemiya şərtlərinə tam əməl edərək işini bərpa olunub: “İlk növbədə ara məsafəsi saxlamaqla özümüzü və ətarımızdakı insanları qoruyuruq. Daha sonra isə qaydalara əsasən əllərimizi tez-tez yuyuruq, kütləviliyə yol vermirik. Həmçinin yaxın yoldaşların əşyalarına toxunmamaq, qrup otaqlarının dezinfeksiya edilməsi, qrupda işləyən tərbiyəçi, tərbiyəçi köməkçilərinin maska və əlcəklərdən istifadə etməsi, otaqların gün ərzində üç dəfə havalandırılması, həftədə 2 dəfə dezinfeksiya idarəsi tərəfindən bağçanın dərindən dezinfeksiya edilməsi bu şərtlərə daxildir. Buna baxmayaraq bizim bağçanın da öz daxilində də bu dezinfeksiyaedici maddələr var”.

S.Həsənova bildirib ki, məktəblərdə olduğu kimi bağçada da hər gün uşaqların hərarəti ölçülür: “Bağçaya qəbul zamanı tibb bacısı uşaqların hərarıtini ölçür. Əgər uşağın hərarəti 37,1 dərəcə olarsa, o zaman həmin uşaq bağçaya buraxılmır. Eyni zamanda da tibb bacısının otağının yanında izolyasiya otağı var. Bəzən ana övladını bağçaya gətirəndən sonra onun hərarıti artır. Bu zaman biz ona yardım göstəririk. Amma o uşağı qrupa buraxmırıq. Onu izolyasiya otağında saxlayırıq. Bir saat ərzində isə valideyn gəlib uşaqlarını aparır. 
Ümumiyyətlə bizim müəssisə 12 qrupdan ibarətdir. Onlardan üçü körpələr, doqquzu bağça qrupudur. Bağçamız bu gün 225 uşaqla fəaliyyət göstərir”.


Bağça direktoru qeyd edib ki, övladının koronavirusa yoluxmasından çəkinən valideynlərlə mütəmadi söhbətlər edilir və təbliğat aparılır: “Onlara bildiririk ki, bütün təhlükəsizlik qaydalarına riayət edirik. Uşaqlar xəstələnməsinə icazə vermirik. Yəni, bu yoluxucu xəstəliyin yayılmaması üçün bütün qayda-qanunlara əməl edirik. Valideynlər də gördülər ki, övladları etibarlı əllərdədir. Biz hamımız bu günü çox gözləyirdik”.

Bağçanın tərbiyəçisi İrina Anatolyevna qeyd edib ki, bağçaların açılması ən çox valideynlər sevinir: “Bağçaların açılmasına ən çox valideynlər sevindi. Uşaqları inandıqları əllərə etibar edirlər. Mənim tərbiyə etdiyim uşaqların böyük hissəsi bu il məktəbə getdi və məktəbə hazırlıq qruplarına cəlb olundu. Məktəbə qədəm qoyan uşaqları təbrik etmişdim, amma bu gün işlərim çox olduğu üçün hazırlığa çəlb olunanları təbrik edə bilməmişdim. Onalar uğurlar arzu edirəm. Heç birini unutmamışam. Deyə bilərəm ki, ürəyimin yarısı getdi. Bir məqam da var ki, biz əvvəl uşaqlara paylaşmağı öyrədirdik. İndi isə öz əşyalarını yoldaşlarına verməməli olduqlarını deyirik”.

Tərbiyəçi Rzayeva Sevda bildirib ki, uşaqlarla ünsiyyətdə bütün mümkün qorunma qaydalarına əməl edilir: “Dezinfeksiya vasitələrimiz var. Uşaqların əllərini sabunla yuyuruq, spirtlə dezinfelsiya edirik. Məsafə saxlayırıq. Hal-hazırda yataqlar arasında belə məsafə var”.

Bağçada çalışan digər tərbiyəçi Sevinc Aslanova isə bu dövrdə uşaqlarla ünsiyyətdəki çətinlikdən söz açıb: “Biz hər zaman uşaqların yanında olmuşuq. Amma hazırda məsafə saxlamaq məcburiyyətindəyik. İstər-istəməz distant qaydada qayğı göstərmək mümkün deyil. Uşaq alayanda onu qucağımıza alırdıq. İndi isə bu mümkün deyil. ”. 

Qeyd edək ki, 205 saylı Uşaq Bağçasında olduğumuz zaman uşaqların yuxu saatına təsadüf etdi. Məhz bu səbəbdən də azyaşlıları 6 aydır ayrı qaldıqları çarpayılarında yatarkən çəkdik. 






Teymur Məmmədov
Fotolar müəllifə aiddir