“İcra hakimiyyəti sakinləri evindən sürüyüb çıxardıb” – Video
    • 10-10-2018, 15:27
    • 767

“İcra hakimiyyəti sakinləri evindən sürüyüb çıxardıb” – Video

Nəsimi rayonu, S.Rüstəm küçəsi ev 69, mənzil 1-də qeydiyyatda olan Hüseynova Sədaqət Kazım qızı iddia edir ki, vəzifəli şəxslər tərəfindən mənzilindən qanunsuz çıxarılıb.
 S.Hüseynova bildirib ki, Nəsimi rayon İcra Hakimiyyəti evlərin qəzalı vəziyyətdə olduğunu iddia edərək Hüseynovları və digər sakinləri məhkəməyə verib.
İcra hakimiyyəti məhkəmə iddiasında bu rayonun Akademik Mirəsədulla Qasımov, Süleyman Rüstəm və İmran Qasımov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli yaşayış binasının tikilməsi üçün “Rifah Plaza” MMC-yə sərəncam verilib. Tikinti şirkətinə ayrılmış torpaq sahəsində yerləşən mənzillərin sahiblərinə “Rifah Plaza” MMC-nin vəsaiti hesabına aylıq 300-500 manat müavinət verilməklə və gələcəkdə mənzillərin qanuni sahələrinə 30 faiz əlavə edilərək təmirli mənzil sahəsilə təmin edilməsi şərti ilə çıxarılması və ayrılmış həmin torpaq sahəsində yerləşən qeyd edilən fərdi yaşayış evlərinin sökülməsinin tikinti şirkətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nəsimi rayon Məhkəməsi yerli icra hakimiyyətinin qətnaməsini təmin edib.
Sakinlər məhkəmənin qətnaməsinin ləğv edilməsilə bağlı apellyasiya şikayəti verib.
“Bizim ev qəzalı vəziyyətdə olmayıb, təzə təmir olunub. İddiaçı tərəfindən qanunsuz söküntü aparılarkən mənzilə ziyan vurulub. Bu barədə apellyasiya şikayətində qeyd etdik. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın məhkəməsinin qətnaməsini ləğv etdi. Yəni Nəsimi rayon İcra Hakimiyyətinin “fərdi yaşayış evlərinin sökülməsi və mənzillərin verilməsi” tələbinə dair iddiası təmin edilmədi. Bu qərardan Nəsimi rayon İcra Hakimiyyətinin və “Rifah Plaza” MMC-nin kassasiya şikayətləri təmin edilmədi”,-deyə S.Hüseynova bildirib.
Şikayətçinin sözlərinə görə, Ali Məhkəmə yerli icra hakimiyyətinin və tikinti şirkətinin iddiasına təmin etməməsinə baxmayaraq, sakinlər mənzilindən qanunsuz çıxarılıb və yaşayış sahələri sökülüb: “Mənzilimizi sökməmişdən öncə qaz, işıq və suyun verilişini dayandırıld. Sonra isə bizi mənzilimizdən sürüyüb çıxardılar”.
Anası və qızı ilə mülkiyyət hüququndan məhrum edildiyini iddia edən S.Hüseynova bildirib ki, tikinti şirkəti kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulan 300-500 manat müavinəti ödəmir. Yerli icra hakimiyyəti və tikinti şirkətindən edilən şikayətlər isə nəticəsiz qalıb.
//bizimyol.info