Ermənistanın atəşkəsi pozması nəticəsində mülki şəxs öldü
    • 10-10-2020, 21:18
    • 622

Ermənistanın atəşkəsi pozması nəticəsində mülki şəxs öldü

Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub. Fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.