Təqsirləndirilən və məhkum olunmuş şəxslərin qəbulu keçirildi
    • 14-10-2020, 19:19
    • 773

Təqsirləndirilən və məhkum olunmuş şəxslərin qəbulu keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və 1, 8, 12, 13 saylı cəzaçəkmə müəssisələrində təqsirləndirilən və məhkum olunmuş şəxslərin qəbulu keçirilib.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında bu müəssisələrdə saxlanılan şəxslər konfidensial qaydada qəbul edilərək müraciətləri dinlənilib.

Qəbul çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki Ofisinin Ombudsmana müraciətində adları yer almış şəxslərlə də konfidensial qaydada görüş keçirilib.

Milli Preventiv Qrupun üzvləri tərəfindən bu müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.

Görüş keçirilmiş şəxslərə Ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.
Eyni zamanda, Müvəkkilə ünvanlanmış ərizələr qəbul olunub.