Astarada mənzilə basqın edən şəxs EV SAHİBİNİ ÖLDÜRDÜ
    • 16-10-2020, 15:07
    • 10 431

Astarada mənzilə basqın edən şəxs EV SAHİBİNİ ÖLDÜRDÜ

Astara rayonu, Çayoba kənd sakini, 1964-cü il təvəllüdlü Aslanova Rəhimə Ağacan qızının 01.10.2020-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Astara rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmiş şəxsin həmkəndlisi Heydərov Rüstəm Qulamhüseyn oğlunun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Rəhimə Aslanovanın yaşadığı evə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rüstəm Heydərov 15.10.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.