Hulusi Akar Ordumuzu Füzulini işğaldan azad etməsi və Ermənistanın iki "SU-25"ni vurması ilə bağlı TƏBRİK ETDİ
    • 17-10-2020, 13:45
    • 590

Hulusi Akar Ordumuzu Füzulini işğaldan azad etməsi və Ermənistanın iki "SU-25"ni vurması ilə bağlı TƏBRİK ETDİ

Türkiyənin Müdafiə naziri Hulusi Akarla Azərbaycanın Müdafiə naziri general Zakir Həsənov arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Danışıq zamanı Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün başlatdığı əməliyyatdakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Ermənilərin Gəncəyə mülki şəxslərin həyatını itirdiyi hücumunu pisləyən H.Akar, "Ermənistan yenə də uşaq, qadın və qoca demədən azərbaycanlı qardaşlarımızı qətl edib. Ermənistan müharibə cinayətlərini davam etdirir. Atəşkəs və danışıqlara çağırış edənlər bu hücumları uzaqdan izləməyə davam edirlər. Balistik raketlərlə mülki vətəndaşlara hücumları sifariş edənlər bunun mütləq hesabını verəcək və tarix bu vəhşiliyə susanları heç vaxt bağışlamayacaq" deyib.

Azərbaycan Silahlı Qüvvələrinin həyatını itirən mülki vətəndaşların qanını yerdə qoymayacağına inandığını ifadə edən nazir Akar, "Biz öz ərazi bütövlüyümüzü qorumaq, öz torpaqlarımıza sahib çıxmaq və apardıqları haqlı mübarizələrində Azərbaycan türklərinə bütün imkanlarımızla dəstək verməyə və yanında olmağa davam edəcəyik" deyə vurğulayıb.

Nazir Hulusi Akar Füzuli şəhərinin işğaldan azad edilməsi və mülki yaşayış yerlərini atəşə tutan Ermənistana aid iki SU-25 döyüş təyyarəsinin vurulması münasibəti ilə Azərbaycan Ordusunu təbrik edib, bütün şəhidlərə, hücumlarda həyatını itirən Azərbaycan türklərinə Allahdan rəhmət , yaralılara şəfa diləyib.