Gənclər Fondu təhsildə fərqlənən tələbələrin təhsil haqlarını qarşılayacaq - FOTO/VİDEO
    • 6-11-2020, 17:21
    • 637

Gənclər Fondu təhsildə fərqlənən tələbələrin təhsil haqlarını qarşılayacaq - FOTO/VİDEO

Gənclər Fondu sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

Fonddan News24.az-a bildiriblər ki, bu addım işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin və COVID-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişi ilə atılıb.


Bu günədək ölkə başçısının təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib. Ali və orta ixtisas məktəblərində təhsil alan və yüksək göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.



Artıq üçüncü dəfə müsabiqə keçirəcək Gənclər Fondu tərəfindən 2018-ci və 2019-cu illərdə 664 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

Müsabiqə zamanı tələbənin təhsil göstəriciləri və ictimai fəallığı nəzərə alınacaq. Həmçinin Milli qəhrəmanların övladları, əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olanlar, valideynlərindən biri əlil olanlar (I,II qrup) və aztəminatlı ailədən olan gənclər nəzərə alınacaq.


Müraciətlərin qiymətləndirilməsi zamanı ali təhsil müəssisələri və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaq.

Maliyyələşmə 2019-2020-ci və ya 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərini qarşılayacaq.

Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı (www.youthfoundation.az) və GəncAPP mobil tətbiqinə müraciət etmək lazımdır.


Müraciətlər noyabrın 30-u saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində paylaşılacaq.

Məhərrəm Əliyev
FOTO/VİDEO: Xəyyam Əzimli