İşğaldan azad edilən ərazilərdə arxeloji qazıntılar aparması ilə bağlı cinayət işi başlanılıb
    • 17-11-2020, 13:05
    • 540

İşğaldan azad edilən ərazilərdə arxeloji qazıntılar aparması ilə bağlı cinayət işi başlanılıb

"AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb".

Bu barədə qurumun Mətbuat Xidmətindən News24.az-a məlumat verilib. 

"Bununla bağlı bildirilib ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilən ərazilərimizdə arxeloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb.

Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir, habelə digər dövlət qurumları ilə birlikdə dəymiş maddi, o cümlədən mütəxəssislər və ekspertlər cəlb edilməklə tarixi və arxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə qeyd edilmiş digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcəkdir.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.