“Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı”
    • 1-12-2020, 12:43
    • 522

“Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı”

"Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik”. 

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Azərbaycan Prezidenti bildirib ki, eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq: “Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı”. Dövlət başçısı deyib ki, bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var:

“Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.