Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb
    • 5-12-2020, 11:27
    • 459

Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən, elan edilən xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyən edilib.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu COVID-19 virusu ilə bağlı test analizləri verməklə testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, 04.12.2020-ci il tarixdə yaşadıqları evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilib.

Hazırda qeyd edilən işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.