-
- Bu gün, 08:10
- 134
Əsədi 16 dəfə “xilas etdi”, düşməni ilə razılaşdı
Yaxın Şərqdə baş verənlər fonunda dünya nəhənglərindən hesab edilən Çinin səssiz qalması diqqət çəkib. ABŞ-a rəqib ola biləcək əsas qüvvə kimi dəyərləndirilən Pekinin hadisələrə ciddi münasibət bildirməməsi və mövqe ortaya qoymaması müzakirələrə səbəb olub.
Bəzi iddialara görə, Şərq blokunun lider aktoru statusunu almış Çin ABŞ-la gizli şəkildə razılaşıb. Həmçinin Pekinin baş verənləri diqqətlə izlədiyi və hərəkətə keçmək üçün doğru məqamı gözlədiyi bildirilir.
Bu susqunluq əsasən nədən qaynaqlanır? Çin artıq dünya liderliyinə iddiasını geri götürüb?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Çin qlobal sistemin əsas aktorlarından biri olaraq heç vaxt açıq ambisional çıxışlarla gündəmə gəlməyib:
“Təbii ki, o, Şərq blokunun lider dövləti kimi hadisələrlə bağlı maraqlarını hər zaman konkret şəkildə müdafiə edir. Amma sərt müdaxilələrdən daha çox yumşaq güc alətlərindən yararlanmaq Çinin ənənəvi təsir mexanizmlərindəndir. Yaxın Şərqdə baş verən hadisələr fonunda Pekinin mövqeyi bir daha göstərdi ki, o, uzunmüddətli hədəflərinə daha çox fokuslanıb və bu istiqamətdə “səssiz addımlar” atmağa üstünlük verir”.
Politoloqun sözlərinə görə, xüsusilə Suriya məsələsində Çin hər zaman ön cəbhədən daha çox qlobal platformalarda açıq mövqedən çıxış etməyə çalışıb:
“Məsələn, BMT Təhlükəsizlik Şurasında Bəşər Əsəd rejiminə qarşı səkkiz qətnamə məhz Pekinin vetosu ilə qəbul edilməyib. Nəzərə alsaq ki, Çin indiyə qədər on altı dəfə veto hüququndan istifadə edib və onun tam yarısı məhz Suriyaya müdaxilənin qarşısını almaq üçün olub. Bu da onu deməyə əsas verir ki, hazırkı “səssizlik” razılaşdırılmış mövqeyin davamı olan gizli diplomatiyanın, ya da ən əsas rəqibi olan ABŞ-da yeni dönəm öncəsi gözləmə mövqeyinin təcəssümüdür”.