"Söz vermişdim sağ qayıtsan qarşında diz çökəcəm, amma tabutun önündə diz çökdüm...
    • 4-01-2021, 18:30
    • 1 187

"Söz vermişdim sağ qayıtsan qarşında diz çökəcəm, amma tabutun önündə diz çökdüm..." - Şəhid atası

“Müharibə olsa, gedib bütün şəhidlərin qisasını alacam”.

Bu cümlənin müəllifi 12 ildən sonra ailəsinin gözünə işıq olan Şəhid Əhmədov Abdullahdır. 



News24.az şəhidimizin həyat hekayəsi ilə tanış olmaq üçün ailəsi ilə həmsöhbət olub. 

Əhmədov Abdullah 2002-ci ilin mart ayının 12-də Sumqayıt şəhərində dünyaya göz açıb. 

Şəhidimizin atası Əhmədov Əhmədin sözlərinə görə, Abdullahın Vətən sevgisi uşaqlıq yaşlarından böyük olub: “Gözlərində qətiyyən qorxu olmayıb. Demək olar bir çox idman növləri ilə məşğul olub”. 



Ə. Abdullah evin tək oğlu olduğundan igidimizin anası Əhmədova Validə onu xüsusi diqqətlə böyütdüklərini dilə gətirib: “5-ci sinifə qədər məktəbə mən aparırdım. Utandığını hiss edirdim. Bir gün məktəbə tək getmək istədiyini dedi, anlayışla qarşıladım”. 



Valideynləri qeyd edib ki, şəhidimiz əsgər paltarlarını, hərbini çox sevib: “Əsgərliyə belə sevinərək getdi”. 

Əhmədov Abdullah 2020-ci ilin 9 oktyabr tarixində, Tərtərin Talış kəndində açıq döyüşdə böyük şücaət göstərərək, qəhrəmancasına Şəhid olub. 



Şəhidimizin atası övladı sağ qayıdacağı təqdirdə önündə diz çökəcəyinə söz verdiyini, amma nəticədə tabutu önündə diz çökdüyünü vurğuladı. Bu cümləni səsləndirmək bir ata üçün nə qədər çətin olsa da, həmin insan övladının haqq yolunda, mötəbər bir məqam uğrunda zirvəyə ucaldığını hamıdan gözəl anlayır. 

Onlar qanla yazılan Qarabağ yaddaşını ağ səhifələrlə bərpa etmək üçün öz canlarını fəda etdilər. Azərbaycanın ərazi bütövlüyünün əsas dayağı Abdullahın simasında bütün şəhidlərimizdir. Abdullahlar var olduqca, bu Vətən sarsılmayacaq..



Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Reportajı təqdim edirik: 

Məhərrəm Əliyev
VİDEO: Hüseyn Həsənov