İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi?
    • 19-10-2018, 21:00
    • 1 328

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi?

İkili vətəndaşlıq, yoxsa iki vətəndaşlıq? - bu sual qəribə səslənsə də, bir çoxları ikili vətəndaşlıq yox, iki vətəndaşlıq ifadəsinə üstünlük verir.
Çünki bəziləri həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlığını daşıyırlar. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq qanunsuzdur. "İki vətəndaşlıq" ifadəsi isə qanunvericilikdə yoxdur.
BBC News Azərbaycancaya danışan Aynur Həsənovanın özü Azərbaycan vətəndaşı olsa da, oğlu həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır. Onun oğlu Türkiyədə anadan olub, Azərbaycana gələndə isə buranın da vətəndaşlığını alıb. Hazırda oğlu iki ölkənin vətəndaşıdır?
"Adətən, Azərbaycan pasportunu istifadə edirik. Bir dəfə sərhədçilərə səhvən oğlumun Türkiyə pasportunu verdim, amma mənə heç nə demədilər. Heç soruşmadılar ki, bu nədir, niyə iki pasportu var".
Aynur Həsənova deyir ki, iki vətəndaşlığın olması onlar üçün rahatlıq yaradır və ümumiyyətlə, ikili vətəndaşlığın qəbul olunmasını istəyir.
"Bibilərim, dayılarım, digər qohumlarım hamısı Rusiyada işləyir. Nə olsun ki, ikili vətəndaşlıq yoxdur?! Orda rus pasportunu göstərirlər, burda Azərbaycan. Bu olmasa, orda yaşamaq olmaz".

Kimlər Azərbaycan vətəndaşı sayılır?

Konstitusiyanın vətəndaşlıq hüququ maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır.
"Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır".

Konstitusiya nə deyir?

1995-ci ildə Konstitusiya qəbul olunanda 53-cü maddə vətəndaşlıq hüququnu təmin edirdi. Həmin maddədə deyilirdi ki, "Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz".
2016-cı ildə keçirilən referendumla konstitusiyaya dəyişiklik edilir və 53-cü maddədə qeyd olunan "heç bir halda" sözü çıxarılaraq "onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla" sözləri əlavə olunur.
Eyni maddənin ikinci bəndində isə deyilir ki, "Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz".

Hansı hallarda vətəndaşlıq itirilə bilər?

Vətəndaşlıq haqqında qanunun 16-cı maddəsində şəxsin hansı hallarda vətəndaşlığı itirə bilməsi qeyd olunur.
  • "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
  • 1) Digər dövlətin vətəndaşlığını könüllü əldə etmək;
  • 2) Xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək;
  • 3) Dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış;
  • 3-1) Terror fəaliyyətində iştirak və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirmək;
  • 3-2) Dini ekstremist fəaliyyətdə iştirak, o cümlədən dini düşmənçilik zəminində dini məzhəbləri yayılmaq və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etmək və ya həmin münaqişəyə digər şəxsi cəlb etmək, yaxud bu məqsədlə sabit qrup yaratmaq, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçmək;
  • 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
"5 min manatadək cərimə və ya 480 saatadək ictimai iş"
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna 2014-cü ildə edilmiş dəyişikliklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər.
Cinayət Məcəlləsi məlumat verməyən şəxsləri üç min manatdan beş min manatadək cərimələmək və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırmağı nəzərdə tutur.
Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.

Vətəndaşlıqdan könüllü imtina edən olubmu?

Dövlət Miqrasiya Xidməti BBC News Azərbaycancaya bildirib ki, 2018-ci il iyun ayına olan məlumatlara görə, 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat verib.
Onlardan 1509 nəfəri "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib, qurumun açıqlamasında deyilir.
Qurum qeyd edir ki, onlara daxil olan könüllü müraciətlər əsasən Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.

Dövlət Miqrasiya Xidməti özü araşdırırmı?

Dövlət Miqrasiya Xidməti vurğulayır ki, "onlara ikili vətəndaşlıq alıb bu barədə Azərbaycanda aidiyyatı orqanlara xəbər verməyənlər haqda şəxslərdən, dövlət orqanlarından, o cümlədən, xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumatlar daxil olur".
Lakin bununla belə, 1999-cu ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə" nəzərdə tutur ki, müvafiq hüquqi hərəkətlər yalnız xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının özünün bu barədə Xarici İşlər Nazirliyinə və ya birbaşa Dövlət Miqrasiya Xidmətinə müraciətindən sonra həyata keçirilə bilər.

"293 nəfər"

Dövlət Miqrasiya Xidməti bildirib ki, müəyyən edilən məlumatlar Baş Prokurorluğa göndərilir.
Qurum 2018-ci ilin iyun ayınadək 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.

"Uşaqlara vətəndaşlıq verilirsə..."

Bəzi ölkələrin qanunlarına görə, bu ölkədə doğulan xarici ölkə vətəndaşlarının uşaqlarına avtomatik vətəndaşlıq verilir. Dövlət Miqrasiya Xidməti deyir ki, bu kimi hallarda "vətəndaşlığı könüllü əldə etmək" müddəası olmadığı üçün Azərbaycan vətəndaşlığının itirilməsi kateqoriyasına şamil edilmir.

"Kimdən pasport istədimsə..."

Adının açıqlanmasını istəməyən müsahibimiz deyir ki, o, üç ölkənin vətəndaşıdır və bununla indiyədək heç kəs maraqlanmayıb.
"Kimdən pasport istədimsə verdi, gözümü açanda gördüm ki, üç pasport var evdə, vəssalam".

"20 mindən çox vətəndaşlığı olmayan şəxs"

Miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev BBC News Azərbaycancaya bildirib ki, o, ikili vətəndaşlığın qadağan olunmasının Azərbaycan üçün ziyanlı hal olduğunu düşünür.
"Vətəndaşlıq haqda Avropa Konvensiyası, BMT Konvensiyaları var. Dünya bu gün vətəndaşsızlıq hallarının qarşısının alınması ilə mübarizə aparır. Dünyanın və beynəlxalq təşkilatların əsas istəyi odur ki, insanlar vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinlər".
Onun sözlərinə görə, vətəndaşlığı olmayan şəxs asılı vəziyyətə düşür, onun səyahət etmək, sərhədləri keçmək hüququ pozulur.
"Bu gün Azərbaycanda 20 mindən çox vətəndaşlığı olmayan, yaxud şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxs - vətəndaşlığı olmayan şəxs vəziyyətində olan adamlar yaşayır. Yaxşı olar ki, Azərbaycan bu cür hallarla mübarizə aparsın".

"İkili vətəndaşlıq və Dağlıq Qarabağ"

Əlövsət Əliyev hesab edir ki, Azərbaycan kimi ölkələrdə ikili vətəndaşlığın qadağan olunması arzuolunan deyil. O hesab edir ki, bu, xaricdə olan azərbaycanlıların Azərbaycana olan marağını azaldır.
"Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi var və o, öz siyasətini xaricdə tanıtmaqla öz haqlılığını sübut edə bilər, başqa ölkələrə, beynəlxalq təşkilatlara təsir göstərə bilər. Bu, o halda mümkün ola bilər ki, Azərbaycan vətəndaşı həm də Almaniya, ABŞ, Böyük Britaniya vətəndaşı olsun və Azərbaycanın maraqlarını orda təmsil etsin. İkinci vətəndaşlığın olmaması isə insanlarda Azərbaycana laqeyd münasibət yaradır".

"Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil"

Cənab Əliyev ikili vətəndaşlığı müsbət hal kimi qəbul etsə də, hesab edir ki, Azərbaycan buna hazır deyil: "Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil", o deyir.
"Azərbaycan xaricdə yaşayan vətəndaşlarının qeydiyyatını apara bilmir. Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1.7 milyonu seçici hüququna malikdir, amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi var. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı bu qədərdir.
Ekspert bunu "Azərbaycanın fəlakəti" adlandırır və deyir ki, Azərbaycan xaricdə yaşayan 2 milyondan çox vətəndaşının yalnız 13 min nəfərinin "taleyi haqda məlumatlıdır", qalanlarının isə harda və hansı formada qeydiyyatda olmasından xəbərsizdir.
"Nə qədər ki, Azərbaycan xaricdə yaşayan soydaşlarımız haqda məlumatlı deyil, bu onu göstərir ki, ikili vətəndaşlığa da hazır deyil".

"Azərbaycan ona görə istəmir ki,.."

Əlövsət Əliyev hesab edir ki, Azərbaycan ikili vətəndaşların ölkəyə mümkün təsirini istəmir.
"Rusiyada 1.7 milyon Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşıdır. Azərbaycan düşünür ki, bu vətəndaşlara Rusiya təsir göstərər və həmin şəxslər də Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilərlər. Avropada 1 milyona yaxın azərbaycanlı varsa, bu, çox böyük seçici səsi deməkdir və onlar eyni zamanda Avropa ölkələrinin vətəndaşları olsalar həmin ölkələr bu vətəndaşlar vasitəsilə seçkinin nəticələrinin dəyişməsinə, ölkədəki siyasi vəziyyətə təsir göstərə bilər".
Cənab Əliyev söyləyir ki, ikili vətəndaşlığın qadağan edildiyi zaman 20-yə yaxın millət vəkilinə müraciət edib ki, "bu, qanunsuzdur və insanların hüquq və azadlıqlarının pozulmasıdır".
"Mənə çoxlu zənglər gəldi ki, siz bilmirsiniz, xaricdə ikili vətəndaşlığı olan şəxslər Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilər, ikili vətəndaşlıq Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək qədər qorxulu bir şeydir".
Ekspertin sözlərinə görə, xarici ölkənin vətəndaşlığını alan şəxs Azərbaycana bu haqda xəbər verdikdən sonra onu vətəndaşlıqdan çıxara da bilərlər, çıxarmaya da. O, bundan sonrakı prosedurun Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə verildiyini deyir.
O hesab edir ki, vətəndaşlıq haqqında qanun "pis vəziyyətə" salınıb və bu, xaricdə yaşayan vətəndaşlara çox ciddi problemlər yaradır.
Cənab Əliyev problemin həllini kütləvi şikayətlərdə və dövlət məmurlarını özbaşınalıqdan çəkindirmək cəhdlərində görür.

Kütləvi vətəndaş itkisi mümkündürmü?

Əlövsət Əliyev düşünür ki, Azərbaycan xarici ölkənin vətəndaşını alan şəxsləri vətəndaşlıqdan kütləvi çıxarmaq yolunu seçməyəcək.
O hesab edir ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqdan çıxarma hallarını dayandırmalı, Azərbaycan isə bu qanuna yenidən baxmalıdır.
"Düşünürəm ki, vətəndaşlıqdan çıxarılan şəxslər min nəfərə çatsa, hətta beş yüzü keçsə, Azərbaycan buna getməyəcək və hətta qanunu dəyişmək məcburiyyətində qalacaq".
Millət vəkili Fazil Mustafa düşünür ki, vətəndaşıqdan çıxarılma kütləvi hal almayacaq.
"Azərbaycanda hamı miqrasiya etmir. Xarici ölkələrdə yaşama icazəsi alanlarla vətəndaşlıq alanların statusları fərqlidir. Hamı vətəndaşlıq ala bilmir. Ona görə də, bu, böyük rəqəm etməz. Məsələn, Rusiyada çox sayda azərbaycanlı var, amma onların hamısına vətəndaşlıq vermirlər".
Onun fikrincə, ehtiyac yaranarsa, gələcəkdə qanun müzakirəyə çıxarıla bilər.
"Əgər bu rəqəm nə vaxtsa həddi aşsa, o zaman müzakirə olunub ona uyğun qərar qəbul oluna bilər".

Millət vəkili ikili vətəndaşlığın tərəfdarıdır, ancaq hesab edir ki, Azərbaycanın buna hazır deyil.
"İkili vətəndaşlıq olmalıdır ki, xaricdəki azərbaycanlılara öz vətənlərinə gəlib-getmək imtiyazı verilsin, onlar Azərbaycanla bağlarını itirməsinlər və xarici ölkədə Azərbaycanı lazım olanda təmsil edə bilsinlər".
O, bu istiqamətdə müəyyən addımların atılmasını zəruri hesab etsə də, müəyən çətinliklərin olduğunu deyir.
"İkili vətəndaşlıq xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımızın hüquqlarının qorunması baxımından faydalıdır. Amma indiki şərtlərdə bunu gerçəkləşdirmək üçün müəyyən çətinliklər var. Azərbaycan ikili vətəndaşlığa hazır deyil. Məsələnin iqtisadi tərəfi var, Azərbaycan müharibə aparan dövlət kimi hüdudlarını çox da azad iqtisadi zona və başqa modellərə aça bilmir".
Cənab Mustafa söyləyir ki, "Əgər Azərbaycanda azad iqtisadi zona modeli tətbiq edilsəydi, geniş hərtərəfli və iqtisadiyyat da tamamilə hamı üçün açıq şəraitdə olsaydı, onda bu modeli düşünmək olardı".
"İkili vətəndaşlıq daşıyan bir çox adamın həm də öz ölkəsinə investisiya qoymasını stimullaşdırma baxımından faydalı olardı. İndiki şərtlərdə, müharibə aparan ölkə üçün bunun əlverişli tərəfi görülmür".

"Azərbaycana qorxa-qorxa gəldim"

BBC News Azərbaycancaya danışan Ayşən Kazımlı deyir ki, o, xarici ölkə vətəndaşlığını bu qanundan sonra alıb, lakin onunla maraqlanan olmayıb.
"Bu qanunu eşidəndən sonra maraqlanmağa başladım. Hamı məni qorxudurdu ki, səni cərimə edəcəklər, həbs edəcəklər. Azərbaycana qorxa-qorxa gəldim, sənədlərimi yenilədim, amma Azərbaycan vətəndaşlığını saxladım. Gördüm heç o biri vətəndaşlığımla maraqlanan yoxdur, mən də rahat oldum ki, onsuz da yoxlamırlar".

Və Emin Hüseynovun hekayəsi


"Soruşdular ki, sənin ABŞ vətəndaşlığın varmı?"

Hüquq müdafiəçisi Emin Hüseynov BBC News Azərbaycancaya bildirib ki, o, "tək Azərbaycan vətəndaşlığına sahib olub və bu yeganə vətəndaşlıqdan məhrum edilib", hazırda vətəndaşlığı olmayan şəxs statusundadır.
O deyir ki, 2008-ci ildə onun verdiyi müsahibə başqa cür səsləndirilib.
"Hökumətə yaxın qəzetdən zəng etmişdilər və soruşdular ki, sənin ABŞ vətəndaşlığın varmı? Mən dedim ki, ABŞ vətəndaşlığım yoxdur, amma Kentucky ştatının fəxri vətəndaşıyam. Bundan məqalə yazmışdılar ki, Eminin ikinci vətəndaşlığı var və bunu qəbahət kimi göstərdilər".
Cənab Hüseynov söyləyir ki, 2015-ci ildə İlham Əliyevin fərmanı ilə vətəndaşlıqdan qanunsuz olaraq məhrum edilib.
"Vətəndaş cəmiyyətində aktiv ictimai-siyasi mövqeyimə görə sanki qisas olaraq məni vətəndaşlıqdan məhrum ediblər. Burada hakimiyyətin hansı məqsədləri güddüyünü deyə bilmərəm".
Image captionİlham Əliyev Emin Hüseynov haqda: "Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Biyinə əsasən edilib".
İlham Əliyev Emin Hüseynovun vətəndaşlığı ilə bağlı nə deyib?
İlham Əliyev 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Emin Hüseynovun vətəndaşlıq məsələsinə toxunub:
"Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır".

Emin Hüseynov isə deyilənləri qəbul etmir. O, ərizə ilə müraciət etdiyini təsdiqləsə də, bunun təzyiq altında yazıldığını bildirib.
O hesab edir ki, vətəndaşlıqdan çıxarılması Azərbaycan qanunvericiliyinə uyğun olmayıb.
"Blankı mənə gətirdilər. O, Prezident Aparatından verilmiş standart forma idi. Şəklimi yapışdırmışdılar, özüm və ailə tərkibim haqqında məlumatları yazdım, heç vətəndaşlıqdan niyə çıxmaq səbəbini də yazmadım. O şərt qoyulmuşdu ki, sən səfirlikdən yalnız o halda sağ-salamat çıxa bilərsən ki, bu kağıza qol çəkəcəksən və söz verəcəksən ki, sən Azərbaycanda insan haqları və demokratik məsələlərə bir də "burnunu soxmayacaqsan".
İsveçrə səfirliyi
Image captionBakıdakı İsveçrə səfirliyi humanitar əsaslarla Emin Hüsyenovu saxlayıb.

Əlavə kağızda nə yazdırılıb?

Cənab Hüseynov deyir ki, vətəndaşlıqdan çıxma blankından başqa ondan sadə ağ kağızda "təminatlarını" yazmağı tələb ediblər.
"Mənə bir adi A4 kağızına imza atdırdılar ki, Azərbaycanı tərk edəndən sonra Azərbaycanda insan haqları və demokratiya məsələləri ilə məşğul olmayacam. Bu, əslində heç hüquqi sənəd deyil. Bunu yəqin "başbilənlər" deyiblər ki, bəlkə belə bir sənəd yazdıraq, çıxanda bizi tənqid etməsin.
Emin Hüseynov söyləyir ki, öz istəyi ilə müraciət etsəydi belə, o, vətəndaşlıqdan çıxarıla bilməzdi.
"Azərbaycanın hər hansı şərt olmadan qoşulduğu Vətəndaşlığın azaldılmasına yönəlmiş Konvensiyada yazılıb ki, vətəndaşlığa sahib olan heç kim ondan öz istəyilə və ya dövlətin marağını nəzərə alaraq çıxarıla bilməz.

Bu gün ikili vətəndaşlığı olan terrorçuları vətəndaşlıqdan çıxarırlar, amma terrorçunun belə tək vətəndaşlığı olanda onu vətəndaşlıqdan çıxarmırlar. Ancaq digər dövlətin vətəndaşlıq vermə xahişi və sübutu varsa, yalnız o zaman çıxarıla bilər. Mənim haqqımda isə heç bir məktub və ya sübut verilməyib ki, biz ona vətəndaşlıq verəcəyik".

"Mənəvi haqqın yoxdur"

Onun sözlərinə görə, vətəndaşlıqdan çıxarıldıqdan sonra ona mövqeyinə görə iradlar da tutulub.
"Azərbaycan rəsmiləri beynəlxalq konfranslarda çıxışımdan sonra mənə irad bildirirlər ki, sənin Azərbaycan adından, Azərbcaycanda insan haqları adından danışmağa mənəvi haqqın yoxdur. Çünki artıq vətəndaş belə deyilsən".
Emin Hüseynöv söyləyir ki, vətəndaşlıqdan çıxarılması ilə bağlı 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və hazırda kommunikasiya mərhələsi yekunlaşmaqdadır.
Image captionEmin Hüseynov: "Ədalətin bərqərar olması üçün mənim Azərbaycan vətəndaşlığım bərpa olunmalıdır".

"Başqa vətəndaşlığa müraciət haqda düşünməmişəm"

Cənab Hüseynov söyləyir ki, öz ölkəsində özünü təsdiq etmiş şəxslər başqa ölkələrdə daha böyük uğurlara sahib olurlarsa, hər iki ölkədə fəaliyyət göstərə bilməlidir.
"Bu gün dünyada Azərbaycandan 2 milyon əmək mühaciri var. Bu şəxslər Ümumi Daxili Məhsulun bəlkə də 30-40 faizini təşkil edir. Onlar orada soyuqda, qarda, boranda işləyirlər, amma ölkələrində düzgün idarəçilikdə iştirak edə bilmirlər. Bir çox ölkələrdə xaricdə yaşayan vətəndaşlar neçə vətəndaşlığı olmasından asılı olmayaraq, parlamentdə iştirak edə bilirlər və hətta onlar üçün parlamentdə kvota var".
Hüquq müdafiəçisi deyir ki, qanunun əvvəlki müddətə aid olmaması absurddur:
"Qanunda deyilir ki, kimsə, elə yüksək rütbəli şəxslərin özləri 2014-cü ilədək kimsə vətəndaşlıq alıbsa və bunu gizlədibsə, bu, məsuliyyət yaratmır. Bu özü absurddur".
O, ikili vətəndaşlığın qadağan olunmasını, lakin eyni zamanda bu sahədə ayrı-seçkiliyə yol verilməsini qanuna və ədalət prinsipinə zidd hesab edir.
"Rusiyada hər ikinci azərbaycanlının iki vətəndaşlığı var. Dövlət, əksinə, maraqlı olmalıdır ki, insanlar bunu açıq bildirsinlər. Hətta bir çox ölkələrdə vergi ödənişləri ilə bağlı qarşılıqlı razılaşmalar var ki, bir ölkədə vergi ödəyirsənsə, digərində daha az ödəyirsən. Bununla dövlət büdcəsinə çatacaq gəlirlərin daha dürüstlüyünü təmin etmək olar".
Emin Hüseynov vurğulayır ki, xaricdə yaşayan insanların ikili vətəndaşlığı olanda, onlar özlərini bir o qədər "vətənlə bir hesab edir".
Cənab Hüseynov düşünür ki, hökumət nəinki başqa ölkənin vətəndaşlığını alan Azərbaycan vətəndaşlarını bundan məhrum etməli, əksinə, qapısını bütün dünya azərbaycanlılarının üzünə açmalı, arzuedənə Azərbaycan vətəndaşlığı verməlidir.
Millət vəkili Fazil Mustafa deyir ki, təzyiq altında olduğunu düşünüən hər bir şəxsin vəkil tutmaq və məhkəməyə müraciət etmək hüququ var:
"Əgər Emin Hüseynovun iddiaları həqiqətə uyğundursa, vətəndaşın ixtiyarı var ki, müdafiəçi tutsun və Azərbaycan məhkəməsinə müraciət etsin. Əgər burda qəbul olunmazsa Avropa İnsan Hüquqları Məhkəməsinə qədər getsin. Əgər Avropa Məhkəməsi şəxsin xeyrinə qərar çıxarsa, avtomatik olaraq vətəndaşlığın bərpası mümkün ola bilər. Bu hüquqi proseduru işə salmaq lazımdır".