QANLI YANVARIN 31-ci ildönümü - VİDEO/FOTO
    • 20-01-2021, 16:31
    • 672

QANLI YANVARIN 31-ci ildönümü - VİDEO/FOTO

Bu gün 1990-cu il 20 Yanvar hadisələrinin 31-cı ildönümüdür. 


News24.az xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridib, dinc əhalini müxtəlif növ silahlardan atəşə məruz qoyub.


Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürüb, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub və yaralanıblar. Eyni zamanda, yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdü.


İnsanlıq əleyhinə törədilən bu dəhşətli cinayət əməli BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.


Hər il olduğu kimi bu il də, rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər. Müşahidələrimizə əsasən, deyə bilərik ki, insanlar üçün soyuq hava, pandemiya, karantin önəm daşımır. Onlar öz Şəhidlərini yad etmək üçün tezdən oyanaraq Şəhidlər Xiyabanına üz tutdular. 

Biz isə öz növbəmizdə qanlı faciə ilə bağlı vətəndaşlarımızın fikirlərini öyrəndik.


Reportajı təqdim edirik: 

Məhərrəm Əliyev
Video: Fərid Şabanov