-
- 19-10-2018, 17:29
- 831
Xətai, Nadir şah barədə obyektiv filmlərimiz yoxdur - MÜSAHİBƏ
- Gövhər xanım, bir ziyalı və alim olaraq, necə hesab edirsiniz, tariximizə, keçmişimizə tam yiyələnə, sahiblənə bilmişikmi? Xüsusilə, son 30 ildə və növbəti dəfə erməni şovinizmi, işğal və təcavüz faktı ilə üz-üzə qaldığımız bir dövrdə. Tarixi şəxsiyyətlərimizi (xüsüsilə, Şah İsmayıl Xətaini, Nadir şah Əfşarı və başqalarını) olduğu kimi tanıda, təqdim edə bilmişikmi, onlar üzərinə axıdılan çirkab selini dayandırmışıqmı?
- Bilirsiniz, bunlar çox vacib və ağrılı məsələlərdir. Əvvəla, xalqımız hələ də ərazi bütövlüyünü bərpa etmək üçün bədnam qonşularımızla bütün cəbhə boyu, o cümlədən, ideoloji cəbhədə gərgin mübarizə aparır. Həmçinin, 70 il yaşadığımız sovetlər dönəmində tarix elmimiz çox dar çərçivədə, ideoloji təzyiq altında olub və tariximizin bir çox şanlı səhifələri qonşu xalqlara mənsub alimlər tərəfindən özününküləşdirilib.
Hansı ki, əsrlərlə elə təkcə indi İran adlanan ərazidə soydaşlarımız böyük dövlətlər yaradıb, onları parçalanmaqdan qoruyub, yadellilərə sinə gərərək yaşadıb, ərazisini xeyli genişləndirib, dövlətçiliyini xilas edib. Adını çəkdiyiniz Şah İsmayıl Xətaidən başlayaraq ta Rza şah Pəhləvi 1925-ci ildə şahlıq taxtına çıxanacan burada böyük dövlətlər yaradan Səfəvilər, Əfşarlar, daha sonra Qacarlar kimi Azərbaycan türkləri tərəfindən idarə edilib.
Və ya Nadir şah dövləti rus, əfqan və Osmanlı işğalından təmizlədi, Səfəvi dövlətinin ərazisini bərpa etdi və genişləndirdi, dövlətin şərəf və ləyaqətini qoruyub-saxladı. Qısa müddət ərzində son dərəcə məhsuldar hərbi, siyasi, dövlət quruculuğu ilə məşğul olmuş böyük dövlət xadimi və sərkərdə Nadir şah Əfşar indiki Azərbaycan və İranın ən görkəmli şəxsiyyətlərindən biri və bəzilərinin fikrincə, İslamdan sonra ən görkəmli şəxsiyyəti hesab olunur.
Nadir şah Azərbaycan, İran və dünya tarixşünaslığında ən çox diqqət mərkəzində olan şəxsiyyətlərdən biridir. Nadir şahın şəxsiyyəti, siyasi, hərbi və digər sahələrdə fəaliyyətinin tarixşünaslığı 1730-cu ildən saray tarixçisi olan Mirzə Məhəmməd Mehdi Astrabadinin “Tarixe cəhanqosaye Naderi” (Tarix-e Naderi) salnaməsi və “Dorrəye Naderi” icmal xülasəsi, Məhəmməd Kazım Vəzire Mərvinin “Aləmaraye Naderi” müfəssəl tarixi, rəvayət, xatirə xarakterli əsəri ilə başlanır.
Bu sahədə yeni mərhələ XX əsrin 40-cı illərində başlayır, mənbə xarakterli əsərlər çap edilir və onların əsasında yeni kitablar yazılır. İslam inqilabınaqədərki yazıların əsas xüsusiyyəti təsviri, informativ yük daşıması, hadisələrə ixtiyari və qeyri-elmi yanaşmanın aparıcı rol oynaması idi.
Həmin yazılar daha çox Nadir şah, onun dövrü, fəaliyyətinin müxtəlif aspektləri haqqında ictimai rəyin formalaşmasına xidmət edirdi. İran İslam inqilabından sonra ictimai elmlər, o cümlədən tarixşünaslıq və onun konkret bir obyekti olan Nadir şah Əfşar və Əfşar sülaləsinin hakimiyyəti dövrü tarixşünaslığı özünün yeni və əslində, həqiqi elmi mərhələsinə qədəm qoydu.
Təbiidir ki, həmin dövr, onun müxtəlif sahələri, Nadir şahın şəxsiyyəti, fəaliyyəti və s. haqqında müxtəlif səpkili, xarakterli, yönümlü, səviyyəli, həcmli yazılar, əsərlər, tədqiqatların sayı və miqyası genişlənməyə başladı.
Qeyd etmək lazımdır ki, həmin irihəcmli kitablarda inqilabdan əvvəlki yanaşma tərzi üstünlük təşkil edirdi, bununla belə artıq elmi yanaşma ilə yazılmış kitablar meydana gəlirdi. İnqilabdan sonra Nadir şah haqqında tarixşünaslıqda əsas yenilik onun fəaliyyətinin, dövrünün və s. əsas xüsusiyyətlərinin elmi araşdırmaların obyektinə çevrilməsi olub.
- Bunlar nəticə etibarilə obyektiv baxışları formalaşdıra bilibmi? Qeyd edək ki, tarixi bağlılığa görə İran tarixşünaslığı bir çox hallarda tariximizin daha düzgün, elmi şəkildə öyrənilməsinə ciddi ziyanlarını vurub. Bu da faktdır.
- Təbii ki, elmi tədqiqatların miqyasının genişlənməsi Nadir şahın şəxsiyyəti, fəaliyyəti, dövrü haqqında yeni, elmi, obyektiv baxışların formalaşmasına zəmin yaradır. Hazırda isə Nadir şah və onun hərbi, siyasi, ictimai və sair sahələrdə fəaliyyətinə İranda iki bir-birinə zidd baxış və yanaşma mövcuddur: “İran” dövlətinin müstəqilliyinin bərpa etdiyinə, xarici işğalçıları ölkədən çıxardığına, dövlətin ərazisini genişləndirdiyinə görə milli xilaskar kimi əfsanələşdirilir, hakimiyyətinin sonlarına doğru davranışında meydana gələn mənfi cəhətlər – səbəbi göstərilmədən, onun göstərişi ilə həyata keçirilən sərt cəzalara görə qaniçən, zalım kimi təqdim edilir.
Hərçənd çoxları bu iki yanaşmada İranın milli maraqlarını nəzərə alaraq, onun dövlət qarşısında xidmətlərindən çıxış edərək ikinciyə xüsusi diqqət yetirməməyi zəruri hesab edirlər. Ona görə də Nadir şahı əfsanəvi qəhrəman yox, İslamdan sonra İran tarixinin ən böyük şəxsiyyətlərindən biri, bəzən də ən böyük şəxsiyyəti hesab edirlər.
İranda Nadir şahla bağlı tarixşünaslığın yeni xüsusiyyətlərindən biri son zamanlarda onun yaratdığı dövlətin etnik-milli xüsusiyyətlərinin araşdırılmağa başlaması ilə bağlıdır. İran tarixşünaslığında Nadir şahın etnik mənsubiyyəti şübhə altına alınmasa da, İran dövlətçiliyinə əvəzsiz xidmət göstərdiyi əsas xətt kimi keçir.
Lakin son zamanlar İranda, elmi şəkildə, çox güman ki, azərbaycanlılar tərəfindən, Nadir şahın yaratdığı dövlətin etno-milli cəhətdən türk və Azərbaycan dövləti olduğu araşdırılır, İranda bundan əvvəl də Əfşar sülaləsinin türk tayfalarından biri olduğu, ondan əvvəl və sonra hakimiyyətin türk sülalələri əlində cəmləşdiyini farslar və azərbaycanlılar yaxşı bilsə də, açıq şəkildə bu elmi araşdırma və mübahisə mövzusuna çevrilməmişdi. İslam inqilabından sonra azərbaycanlılar həmin məsələyə daha geniş diqqət yetirib, öz yazılarında məsələnin bu cəhətini vurğulayıblar.
Son zamanlarda həmin məsələ elmi araşdırmaların obyektinə çevrilib və araşdırmaların nəticələri elmi jurnallarda və elmi yazılar yerləşdirilən saytlarda özünə yer alıb. Bütün bunlar Nadir şah Əfşarın şəxsiyyəti, siyasi, hərbi, mədəni və s. sahələrdə fəaliyyətinin elmi əsaslarla araşdırılmağa başlandığını və Nadir şah haqqında elmi tarixşünaslığın yaranmağa başladığını deməyə əsas verir.
Bu mənada, görkəmli dövlət xadimi və böyük filosof-alim, akademik Ramiz Mehdiyevin də tədqiqatında Nadir şah Əfşar şəxsiyyətinə və onun yaratdığı dövlətə yeni konseptual baxış milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynayır və Azərbaycan xalqının strateji maraqlarından irəli gəlir.
Qeyd edək ki, İslam aləmində çoxəsrlik sünnü-şiə qarşıdurmasına son qoymaq istəyi Nadir şahı şiəliyi İslamın 5-ci məzhəbi (hənəfilik, hənbəlilik, şafeilik, malikilikdən sonra) elan edilməsi təklifi ilə çıxış etməyə sövq edir. Şahın fikrincə, bu qəbul edilsə, İslam aləmində dini əsasda düşmənçiliyə və hər hansı ziddiyyətə son qoyulacaqdı. Nadir şahın Səfəvi sülaləsinə son qoyması, müxtəlif səbəblərdən ən yaxınlarına, ətrafında olan bəzi şəxsiyyətlərə qarşı sərt, bəzən amansız davranışını müəllif haqlı olaraq dövlətçilik mövqeyindən dəyərləndirir və mövcud ənənələrlə izah edir.
Nadir şah dövrünü xanlıqlar dövrü ilə müqayisə edən müəllif obyektiv həqiqəti ortaya qoyur: “Nadir şah xanlardan fərqli olaraq milli vəhdətə nail olmağı bacardı, döyüş meydanında və diplomatiya sahəsində atdığı qətiyyətli addımlar hesabına doğma xalqını parçalanmadan, əsarət və təhdidlərdən xilas etməyə müvəffəq oldu”.
Azərbaycan dövlətçiliyinin nadir simalarından olan Nadir şahın hakimiyyəti illəri Əfşar dövlətinin qüdrətinin zirvəsi hesab olunur. Bununla belə, tarixi şərait, ona qarşı güclənən həsəd, rəqabət hissi böyük şəxsiyyətin nəzərdə tutduğu bir çox gələcəyə hesablanmış planlarının icra olunmasına imkan vermədi…
- Yeri gəlimişkən, İran tarixşünaslığı istər elmi tarixşünaslığın formalaşmasından əvvəl salnamələr, xronologiyalar mərhələsində, istərsə də elmi tarixşünaslıq formalaşdıqdan sonra iran-mərkəzçilik prinsipinə əsaslanır. Yəni, İran tarixinə dair müxtəlif səpkili yazılarda İran, İran dövləti, İran mədəniyyəti və farslar araşdırmaların, təsvirlərin baza komponentlərini və alınan nəticələrin mühüm tərkib hissəsini təşkil edir. İranın öz müstəqilliyini itirdikdən sonra müxtəlif dövlətlərin tərkibində bütövlükdə və ya qismən mövcud olduğu dövrlərin tarixi yazılarkən də əsas diqqət İran komponentlərinin vəziyyətinə yönəldilir, onların rolu şişirdilir.
- Tamamilə, haqlısınız. Çox təəssüflər olsun ki, burada tarixşünaslıqdan daha çox siyasi, merkantil məqamlar özünü büruzə verir. Yəni, həmin dövlətlər bu və ya digər cəhətdən İran dövləti və ya iranlıların fəal, hətta istiqamətverici rol oynadığı dövlətlər kimi təqdim edilir. Bunun ən geniş yayılmış üsullarından biri, xüsusən türklərin hakimiyyəti illərində çox zaman farslardan ibarət olan baş vəzirlərin fəaliyyətini, onların faktiki hakim olduqlarını şərh etmək olub.
Başqa sözlə, fars salnaməçiləri və tarixşünasları İran ərazisində qeyri-farsların yaratdıqları dövlətləri İran dövləti və ya iranlıların dövləti kimi təqdim etməyə xüsusi əhəmiyyət veriblər və verməkdə davam edirlər. Bunun sonuncu və ən bariz nümunələrindən biri Səfəvilər dövlətinin İran dövləti kimi öyrənilməsi və təqdim edilməsidir.
- Bu məsələ də illərdir ki, müzakirə, mübahisə mövzusudur.
- İranda Şah İsmayıl Səfəvinin, Səfəvilərin fəaliyyətinin ilkin mərhələsinə yanaşmada üç mövqeyin mövcud olduğunu göstərə bilərik. Birinci və çox məhdud qrupa məsələyə mümkün qədər obyektiv yanaşmağa çalışan tarixçi alimləri aid etmək olar. Onlar məsələyə daha dərindən yanaşmağa, hadisələri elmi baxımdan şərh etməyə üstünlük verirlər.
Həmin əsərlər Şah İsmayıl Səfəvinin hakimiyyətə gəlişinin ictimai, tarixi, siyasi, sosial şərtlərini, yeni hakimiyyətin fəaliyyətinin mahiyyəti haqqında ətraflı, nisbətən obyektiv təsəvvür yaranmasına yardım edirlər.
Təəssüf ki, həmin əsərlərdə Şah İsmayılın iranlı (fars) olduğu, fəaliyyətinin məqsədinin mərkəzləşdirilmiş İran dövləti, İranın siyasi müstəqilliyini bərpa etmək, milli birlik yaratmaq olduğu vurğulanır. İkinci qrupa sosial sifariş əsasında yazılan, ona görə də obyektivlikdən uzaq olan və səthi təbliğat xarakteri daşıyan yazıları aid etmək olar.
İnternet saytlarında informativ xarakter daşıyan belə yazılarda Şah İsmayılın yalnız “irançılıq” sahəsində, şiəliyin dövlət məzhəbi səviyyəsinə qaldırılması sahəsində fəaliyyəti təbliğ və mədh edilir. Üçüncü qrupa fars millətçiliyi mövqeyində duran müəlliflərin “elmi” və elmi-publisistik, təbliğati xarakterli yazıları aid edilə bilər.
Sevindirici haldır ki, xalqımızın şanlı tarixi ilə bağlı, bu tarixi yaradan qəhrəman şəxsiyyətlərlə bağlı obyektiv həqiqətlər, vətən tarixi ilə bağlı konseptual tövsiyələr, tutarlı fikir və mülahizələr akademik Ramiz Mehdiyevin son illər nəşr etdirdiyi bir sıra əsərlərdə ətraflı əksini tapıb.
Düşünürəm ki, bu əsərlər - “Şah İsmayıl Səfəvi ali məramlı şəxsiyyət kimi”, “Tarixi idrakın elmiliyinə dair”, “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçü portreti”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Nadir şah Əfşar: diplomatik yazışmalar”, ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcümə nəşrinə geniş “Azərbaycan nəşrinin elmi redaktorundan” və s. kimi əsərlər - bütün azərbaycanlıların, ilk növbədə, gənc nəslin masaüstü kitablarına çevrilməlidir.
Öz keçmişimizə dair milli iftixar hissimiz daha da güclənəcək və bədxahlarımızın tariximizə, keçmişimizə basqılarını daha böyük uğurla dəf etmək iqtidarında olacağıq.
- Gövhər xanım, bəzən tarixi şəxsiyyətlərin, qəhrəmanların daha yaxından və daha anlamlı, anlaşıqlı şəkildə tanıdılması üçün bədii filmlər, seriallar daha effektiv rol oynayır. Siz də dəfələrlə bu məsələyə diqqət çəkmisiniz. Ancaq təəssüflər olsun ki, hələ də bu yöndə ürəkaçan mənzərə yoxdur, konkret olaraq, nə Xətai, nə Nadir şah, nə də digər şəxsiyyətlərimizlə bağlı film, tarixi serial yoxdur…
- Bunlar təəssüf doğuran məqamlardır. Artıq biz müstəqil dövlətik, regionun lider dövlətinə çevrilmişik, böyük nüfuz və söz sahibiyik. Mədəniyyətimizə dövlət və dövlət başçısı, o cümlədən, birinci vitse-prezident Mehriban xanım Əliyeva səviyyəsində ciddi münasibət, dövlət qayğısı var. Bu gün telekanallarda milli teleseriallarımız çəkilib, yayımlanmaqdadır.
Bunun üçün dövlət büdcəsindən də xeyli vəsait ayrılır. Ancaq çəkilən seriallar ailə-məişət münasibətlərindən, mənəvi məsələlərdən o yana getmir. Təəssüf edirəm ki, bu gün bizim Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər görkəmli sərkərdə və dövlət xadimlərimiz haqda obyektiv, tarixi gerçəkliklərə əsaslanan bədii, yaxud televiziya filmlərimiz yoxdur.
Yeniyetmələrimiz, gənclərimiz bununla tarixi şəxsiyyətlərimizi, milli qəhrəmanlarımızı daha yaxından tanıyar və daha ətraflı maariflənərdilər. Bunlara ciddi diqqət yetirmək lazımdır.