Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib - FOTO
    • 26-01-2021, 14:03
    • 506

Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

News24.az xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib:

- Siz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, Siz bu etimadı doğruldacaqsınız.

Rəhbərlik edəcəyiniz sahələrə mən daim böyük diqqət göstərmişəm, bu gün də göstərirəm. Son illərdə bu sahələr uğurla inkişaf edib. Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Əlbəttə ki, nəqliyyat infrastrukturuna qoyulan vəsait bu yeni vəziyyəti yaratmışdır. Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində önəmli layihələr icra edildi, dəmir yollarımızın reabilitasiyası layihələri icra olundu. Bakı dairəvi dəmir yolu inşa edildi və bu, sərnişin daşımaları, insanların rahatlığı üçün çox önəmli hadisədir. Müxtəlif şəhərlərdə dəmir yolu vağzalı inşa edildi.

Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Bizim tərəfdaşlarımız hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Qeyd etməliyəm ki, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır. Çünki bizim imkanlarımız genişlənib. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə istismara verilmiş Bakı gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal olunur və biz bu istehsalı hər il artırırıq. Hazırda zavodda tankerlər, Ro-Ro gəmiləri və yük gəmiləri istehsal olunur. Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə iş yeri açmışıq və neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün də imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər.

Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Birincisi, biz limanı Bakı şəhərindən çıxardıq. Bu, Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərmişdir, eyni zamanda, yeni istirahət zonası yaradılıb. Ələtdə ən müasir dəniz ticarət limanının işə düşməsi bizim imkanlarımızı böyük dərəcədə artırıbdır.

Hava nəqliyyatına gəldikdə, təkcə onu demək kifayətdir ki, bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir. Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır. MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək.

Bir sözlə, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət, bax, bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur. Digər sahələrə gəldikdə, burada da müsbət dinamika, tərəqqi var. Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur.

Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Bu sahəyə rəhbərlik edən şəxs kimi, Siz bütün bu işləri yaxşı bilirsiniz. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi. Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır. Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər. Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.

Müharibədən sonra - hazırda bizim bərpa işləri ilə bağlı planlarımız üçün də peyklərin çox böyük əhəmiyyəti var. Sizin mənə təqdim etdiyiniz məlumatlar əsasında biz indi daha böyük səmərə ilə minatəmizləmə işləri görürük. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır. Bir sözlə, Azərbaycanda həm nəqliyyat, həm texnologiyalar, həm də rabitə sahələrində görülmüş işlərə birmənalı şəkildə müsbət qiymət vermək olar. Bu müsbət qiyməti, o cümlədən dünyanın aparıcı maliyyə qurumları və Davos Ümumdünya İqtisadi Forumu vermişdir.

Gələcək vəzifələrə gəldikdə, əlbəttə ki, bu müsbət dinamika saxlanmalıdır. Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq.

Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub.

Buna baxmayaraq, biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik. Nəzərə alsaq ki, bizim bu sahədə aparıcı ölkələrlə çox sıx dostluq əlaqələrimiz var və Azərbaycana texnoloji ixracla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqlayıcı addımlar atmalıyıq. Hər zaman öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun və heç vaxt heç kim bizə qarşı hər hansı bir təxribat törətməyə belə cəhd etməsin.

Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.

Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun.

Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir.

Kadr hazırlığı xüsusi yer tutur. Hesab edirəm ki, hazırda bu sahədə kifayət qədər peşəkar kadr potensialı yaranmışdır. Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir. Hesab edirəm ki, sizin nazirliyiniz bu sahədə - təhsillə bağlı müvafiq ali məktəblərlə də sıx təmasda olmalıdır. Kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Ancaq belə olan halda, biz istədiyimizə nail ola bilərik.

Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanmışdır, Füzuli Hava Limanının inşası başlamışdır. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin. Mən ümid edirəm ki, siz bütün bu vəzifələri şərəflə yerinə yetirəcəksiniz.

Ölkəmizin inkişafı üçün indi yeni imkanlar açılıb. Azərbaycan özünü dünyada ləyaqətli, güclü, məsuliyyətli ölkə kimi göstərmişdir. Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir. Biz döyüş meydanında qələbə qazandıq, biz mülki sahədə qələbə qazandıq. Çünki əgər güclü iqtisadiyyat qurmasaydıq, güclü ordu qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək. Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə. Keçən il qeyri-neft sənayemiz 12,5 faiz artmışdır. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı - bütün bu amillər öz rolunu oynayıb. Texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranmışdır və həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Biz onlara da dəstək verməliyik. Onların xaricdəki fəaliyyətlərini dəstəkləməliyik və burada da dövlət-özəl sektor tərəfdaşlığı bir nümunə olmalıdır. Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi. Məhz onların təşəbbüsü ilə bu baş verdi və müvafiq sənəd də imzalandı.

Ona görə sizin nazirliyinizin üzərinə böyük funksiyalar düşür. Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız.

Nazir Rəşad Nəbiyev deyib:

- Təşəkkür edirəm, cənab Prezident. Əvvəlcə, icazə versəydiniz Sizi rəhbərliyinizlə qazanılmış böyük Qələbə münasibətilə təbrik edərdim. 44 günlük müharibədə Ordumuzun göstərdiyi peşəkarlıq nümayiş etdirdi ki, bu gün Azərbaycanda istənilən sahədə güclü kadr potensialı formalaşmışdır. Sizin seçim imkanlarınızın geniş olduğu bir təqdirdə mənə bu yüksək etimadı göstərdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm və bu fakt özlüyündə mənim məsuliyyətimi daha da artırmış olur.

Görülən işlərə verdiyiniz qiymətlə bağlı isə qeyd edim ki, Sizdən bu sözləri eşitmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Amma heç şübhəsiz ki, Sizin yürütdüyünüz xarici siyasət nəticəsində ölkəmizin etibarlı tərəfdaş imici olmasaydı, heç bir dövlət peyklər kimi yüksək texnoloji məhsulları bizə ixrac etməzdi. Eyni zamanda, cənab Prezident, Sizin yürütdüyünüz daxili siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti və nəticə etibarilə maliyyə resurslarımız olmasaydı, bu peykləri əldə etmək imkanımız da olmazdı. Ən başlıcası isə, cənab Prezident, Sizin kosmik sənayenin inkişafına göstərdiyiniz davamlı diqqət və qayğı uğurlarımızı şərtləndirən əsas amillər olmuşdur. Mənim və həmkarlarımın üzərinə düşən vəzifə isə, sadəcə, bu əlverişli vəziyyətdən istifadə edərək Sizin etimadınızı doğrultmaq idi. Yeni təyinatla üzərimə düşən vəzifələri və bu vəzifələrdən irəli gələn şəxsi məsuliyyətimi də tam şəkildə dərk edirəm. Nazirliyin tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ən qısa zamanda korporativləşmələrinin vacib olduğunu anlamaqla yanaşı, əsas vəzifəmizin sahə üzrə, yəni, nazirliyə həvalə edilmiş sahə üzrə effektiv dövlət siyasətinin həyata keçirilməsi, ədalətli tənzimləmə mexanizmlərinin yaradılması və nəticə etibarilə ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır.

Cənab Prezident, Siz hər zaman söyləyirsiniz ki, əgər ədalətli rəqabət mühiti formalaşarsa, o zaman həmin sektora xarici investisiyaların axını baş verər və bu da özlüyündə yalnız həmin sektorda deyil, ümumiyyətlə, ölkədə innovasiya və texnologiyaların inkişafını təşviq etmiş olar.

Cənab Prezident, sonda icazə verin, Sizi əmin edim ki, iqtisadi islahatların dərinləşməsi ilə bağlı qarşıya qoyduğunuz tapşırıqlara da sahə nazirliyi olaraq öz töhfəmizi verə bilmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Həmkarlarımla birlikdə nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaqdır. Göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Çalışacağıq ki, bütün işimizdə Sizin etimadınızı doğruldaq. Cənab Prezident, çox sağ olun.