Bu gün ömrümüzə nur saçanların günüdür -20 oktyabr Energetiklər Günü
    • 20-10-2018, 12:43
    • 2 391

Bu gün ömrümüzə nur saçanların günüdür -20 oktyabr Energetiklər Günü

İlham Əliyev: Bu gün enerji  irəli sürülən bütün alternativ təşəbbüslərə baxmayaraq, dünyanın mövcud geosiyasi mənzərəsini və müasir qlobal çağırışları müəyyənləşdirən başlıca amil kimi çıxış edir.

İşıqlı günlərimizin tarixçəsi

Bir başqa gözəl olur Bakı gecələri.Sanki ulduzlar şəhərə səpələnir,nura qərq olur, ulduzlu səmadan daha gözəl görünür dogma şəhərim. Milyonlarla pəncərələrdən süzülən işıqlar hərəsi bir ailə hekayəsi danışır. Heç düşünmüsünüzmü elektriklər ümumiyyətlə kəsilsə nələri itirərik? Bircə onu demək olar ki, həyatımız iflic olar.

Ellektrik haqqında ilk məlumat eramızdan əvvəl 640-546-cı illərdə yaşamış yunan filosof Fales tərəfindən verilib. O kəhrəba daşlarının sürtünməsi nəticəcində enerji yarandığını kəşf edəndə electron terminindən istifadə etmişdi.
İnanılmaz görünsə də, Misir piramidalrının üzərindəki freskalara əsasən qədim sivilizasiya dediyimiz bu insanlar kabelsiz elektrik yaratmağı və istifadə etməyi bacarıblar.Bu rəsmləri öyrənən Nikola Tesla eyni təcrübəni aparmış,1893-cü ildə Çikaqo Beynəlxalq Sərgisində alternative cərəyanın təhlükəsiz olduğunu sübut etmək üçün elektrik axımın öz bəəninddən keçirərək lampanın yanmasını nümayiş etdirmişdi. Lakin sonralar Teslanın ölümüylər bu taxnikanın sirləri də yox olmuşdu.
Elketrikin labarotoriya divarlarından aşaraq insanların həyatında yol alması XIX əsrin ikinci yarısında başlayıb.Tomas Edison 1881-ci ildə Nyu Yorkda elektrik istehsal və paylama mərkəzini yaratmaqla yeni dünyanın qapılarını açdı.
Azərbaycan Dövlət tarixi Arxivinin sənədlərinə əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki “Bakinski dok”da quraşdırılıb. Cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. Ona qədər Azərbaycanda buxar turbinindən istifadə təcrübəsi var idi- 1873-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbini quraşdırılmışdı.
1898-ci ildə Bakıda neft sənayesinin geniş alması ilə ilk işıqlar da yandı. Neft mədənlərini elektriklə təmin etmək üçün 5-50 kilovatlıq stansiya quraşdırılır. 1898-1899-cu illərdə “Elektrik gücü” («Электрическая сила») adlı səhmdar cəmiyyət yaradıldı. Bu Səhmdar cəmiyyət tərəfindən Bakı şəhəri ətrafında iki elektrik stansiyası inşa edildi: Bibi-Heybət və Ağşəhər (Belqorod) Bibi-Heybət elektrik stansiyası 1901-ci ildə istismara verildi, bir il sonra isə Ağşəhər elektrik stansiyası işə salındı.
1906-cı ilin martında Azərbaycanda birinci dəfə olaraq 20 kV gərginlikli elektrik veriliş xətti ilə Ağşəhər elektrik stansiyasından 8,5 km məsafədə yerləşən Balaxanı neft mədəninə elektrik enerjisi verilişinə başlandı. 1915-ci ildə elektrik şəbəkəsi inkişaf etdirilərək elektrik veriliş xətlərinin uzunluğu – 75 km, kabel xətlərinin uzunluğu isə 52 km çatdırıldı. 1915-1917-ci illərdə Bibi-Heybət stansiyası Rusiyada ən böyük, Avropada isə ən faydalı stansiya sayılırdı.
1920-ci ildə respublikanın ərazisində yerləşən energetika müəssisələri milliləşdirildi və onların bazasında «Электроток» adlı idarə yaradıldı. Bu idarənin tərkibinə Ağşəhər və Bibi-Heybət elektrik stansiyalarından başqa 5 elektrik stansiyası daxil oldu.
1935-ci ildə SSRİ Ağır sənaye üzrə Xalq Komissarlığı “Elektrotok” İdarəsini SSRİ Ağır Sənaye Xalq Komissarlığının “Baş Enerji İdarəsinin (“Qlavenerqo”) tabeliyinə daxil edir və onun bazasında “Azenerji” (“Azenerqo”) Azərbaycan Rayon Enerji İdarəsi yaradılır. Bakı neft sənayesinin SSRİ-nin neft hasilatının yarıdan çoxunu ödəməsi nəzərə alınaraq Bakı sənaye rayonunun elektrikləşdirilməsinə başlanılır.Növbəti mərhələdə isə, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində kiçik elektrik stansiyaları tikilir.. Xüsusi firmalara məxsus olan daha beş mədən elektrostansiyası “Elektrotok” energetika şirkətinin nəzdində birləşdirilir. Azərbaycanda ucuz hidroresurslardan istifadə etməklə Kür, Araz və Samur çaylarında hidroenergetika tikintilərini nəzərdə tutan proqram xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafının əsasını qoymuş oldu.1941-ci ilin fevralında Azərbaycanda birinci dəfə Sumqayıt istilik elektrik mərkəzi -1 istismara verildi.
1953-ci ildə Bakı İEM-2, 1954-cü ildə Mingəçevir SES, «Şimal» DRES-də 2 turboaqreqat istismara verildi, 1960-cı ildə isə SSRI birinci olaraq 150 MVt gücündə enerji bloku ilə təchiz olundu. 1959-cü ildə Avropada birinci dəfə olaraq əsas avadanlıqların açıq komponovkada güclü İstilik Elektrik Stansiyası – Əli Bayramlı DRES-in tikintisinə başlandı. Bu stansiyanın istismara verilməsi ilə Azərbaycan Respublikasının elektrik enerjisinə olan tələbatı tam ödənilməklə, qonşu respublikalara 2 mlrd. kVtsaata qədər elektrik enerjisi ötürülməsinə imkan yarandı.
Hazırda respublikamızda işıq sisteminə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti başçılıq edir. Azərenerji” ASC Respublikamızın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur.
Hal-hazırda Cəmiyyətin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya; “Mingəçevir”, “Varvara”, “Şəmkir”, “Yenikənd”, “Araz” və “Vayxır” daxil olmaqla 6 ədəd su elektrik stansiyası (SES), “Azərbaycan”, “Şirvan”, “Şimal”, “Bakı İEM”, “Babək”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Naxçıvan”, “Bakı”, “Səngəçal”, “Şahdağ” və “Sumqayıt” istilik elektrik stansiyaları (İES) daxildir. Hazırda “Azərenerji” ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 000 kilometrdən artıqdır.

Ömrümüzü nura boyayanlar
Azərbaycanın regionda enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən dövlət kimi çıxış etməsinin əsasları müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində formalaşdırdığı enerji strategiyasına əsaslanır. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” İES inşa olundu. 2400 Mvt gücündə olan bu elektrik stansiyası hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu da məhz bu stansiyanın payına düşür.
37 il əvvəl, 20 oktyabr 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Heydər Əliyevin rəhbərliyi ilə istifadəyə verildi, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edildi ,bununla da milli energetika salnaməmizin daha bir şanlı səhifəsi yazıldı.
Bu gün enerji təhlükəsizliyi məsələsi müxtəlif səviyyəli beynəlxalq tədbirlərin əsas müzakirə mövzusu, dünya liderlərinin narahatlıq motivi, nəhayət dövlətlərarası münasibətlərin, əməkdaşlıq formatlarının tənzimləyicisi qismində çıxış edir. Milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün hər bir dövlətin başlıca vəzifəsi olaraq görünür.
Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi “Azərbaycanın beynəlxalq arenada söz sahibinə, regional gücə çevrilməsi bütün digər nailiyyətlərlə birgə, həm də məqsədyönlü enerji siyasətinin, perspektivləri bir neçə yüzilliyə hesablanmış enerji strategiyasının təntənəsidir. Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirmiş, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilmişdir. Milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış etməkdədir”.
Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Azərbaycan Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” yeni hədəflərə təşfiq edən vacib sənəddir. Strateji Yol Xəritəsi iqtisadi və demoqrafik inkişafla əlaqədar artan tələbatın tam ödənilməsinə, elektrik enerjisi təchizatının daha da şaxələndirilməsinə və təchizatın dayanıqlılığının təmin edilməsinə yeni imkanlar yaradır.
Bu konsepsiyanı əldə əsas götürülərək,“Azərenerji” ASC 2018-ci ildə Bakıda 220 kV-luq üç yarımstansiyanın tikintisinə başlamağı planlaşdırır. Bu barədə ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.
“Gələcək illərdə əsas sənaye mərkəzi kimi Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasının davamlı enerji təchizatı məqsədilə zəruri infrastrukturun yaradılması planlaşdırılır. Bununla əlaqədar, cari il ərzində paytaxtda 220 kV-luqüç yarımstansiya və elektrik ötürücü xəttlərin tikintisinin başlanacağı gözlənilir. 2018-ci ilin sonuna kimi Bakıda “Şimal”DRES-də 409 MVt gücündə ikici buxar-qaz enerji qurğusunun istifadəyə verilməsi nəzərdə tutulur.. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur. Rusiya və Gürcüstana yeni 330 kilovatlıq paralel xətt çəkiləcək.Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə biz paralel rejimdə çalışırıq. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Azərbaycan, Rusiya və İran enerji sistemlərinin paralel işləməsi üçün. Azərbaycan-İran sərhədində sabit cərəyan qurğusunun tikilməsi nəzərdə tutulur. 2018-ci ildən etibarən Azərbaycan Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracına başlayıb. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı barədə müzakirələr aparılır.”,- deyə Pirverdiyev bildirib.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “BizimYol” qəzetinə bildirb ki, Strateji Yol Xəritəsi” köklü iqtisadi dəyişikliklərə geniş şərait yaradacaq. “Ötən 15 ildə Azərbaycan Respublikasının elektrik enerjisi ixracı potensialı genişlənib, stansiyalar müasirləşdirilib, yarımstansiyalar və ötürücü xətlər yenilənib. Hazırda ölkədə elektrik enerjisinin 90 faizdən çoxu istilik elektrik stansiyalarında, qalan hissəsi isə su və digər elektrik stansiyalarında istehsal edilir.Elektrik enerjisi infrastrukturunda dəyişikliklər, yeniliklər baş verəcək.Ölkəmizin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsinə daha əlverişli mühit formalaşdıracaq. Yeni texnologiyaların tətbiq edilməsi ilə dayanıqlılıq və səmərəlilik yüksək dərəcədə artırılacaq”.
Təbiət Aərbaycana səxavətli davranıb. Ölkəmizdə alternativ enerji mənbəyi olaraq külək və günəş enerjisindən geniş istifadə potensialı vardır. Azərbaycan ərazisində günəşli saatların illik miqdarının 2400-2900 saat/il/m, yer səthinə düşən günəş enerjisinin miqdarının isə 1500-2000 kvt./saat təşkil etməsi regionun Abşeron, Naxçıvan və Kür-Araz kimi bölgələrində günəş enerjisindən istifadəyə geniş imkanlar yaradılır.
Abşeron yarımadasınada və Abşeron dəniz akvatoriyasında küləyin gücü maksimuma çatır. Burada il ərzində küləyin orta sürəti Yer səthindən 80 metr hündürlükdə 7,0-8,5 m/s təşkil edir ki, bu da beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) təsnifatına görə “yüksək dərəcədə əlverişli” enerji potensialı sinifinə aid edilir. Gələcəyin təməlləri bu gün atılır. Azərbaycanın enerji təhlükəsizliyinin sabit təminatı üçün bərpaolunan alternativ enerji mənbələrinin gücündən maksimum istifadə dövlət başçısının diqqət mərkəzindədir.
Deyirlər görülən işdən gül iyi gələr. “Azərenerji”nin gördüyü uğurlu işlərin nəticəsi ömrümüzü, günümüzü nura boyayır, ölkə iqtisadiyyatının, xalqın rifahının yüksəlməsinə xidmət edir. Zülmətlərə nur saçan, yolumuza işıq tutan vətən oğullarına salam olsun!

İlhamə Rəsulova