"Məmurların bağ məclislərində o qədər oxumuşam ki, ailə üzvlərinə çevrilmişəm" – ALİCANDAN GÖZLƏNİLMƏZ ETİRAFLAR - VİDEOMÜSAHİBƏ
    • 29-01-2021, 12:56
    • 1 606

"Məmurların bağ məclislərində o qədər oxumuşam ki, ailə üzvlərinə çevrilmişəm" – ALİCANDAN GÖZLƏNİLMƏZ ETİRAFLAR - VİDEOMÜSAHİBƏ

Bu dəfəki həmsöhbətimiz özü gənc olsa da, bir çox cavan nəslin nümayəndələrinin ürəyinə yol tapmağı bacaran, "Yandım ay aman" mahnısıyla məşhurlaşan müğənni Alicandır. İfaçıyla söhbətimiz əsnasında bir çox yaradıcı işlərdən danışdıq. Duetlər, yarışmalar, trenddəki mahnılar və nakam qalan eşqindən...
 

Gənc müğənni Alicanın News24.az-a müsahibəsini təqdim edirik:



 - Alican kimdir?


Alican 23 yaşlı müğənnidir. Hələ çox gəncdir, qarşıda uzun yolu var. Üç ildir şou-biznesdəyəm. Bir çoxları nədənsə türk olduğumu düşünürlər, amma bu, heç də elə deyil. Mənim əslim-köküm azərbaycanlıdır.

- Üç il ərzində qazandığını ən böyük uğurunuz nə olub?
 

- Bu müddət ərzində ən böyük uğurum 61 milyon baxış sayına çatan "Yandım ay aman" mahnımın tanınması olub. Bu mahnı sayəsində sözün əsil mənasında yolum açıldı, çox sayda bağlı qapılar aralandı, iş təklifləri gəldi. Düzdür, onların arasında yararlı olanlar da oldu, olmayanlar da. Bir müddət Türkiyədə fəaliyyət göstərdim, amma istədiyim nəticəni tam almadığıma görə, həm də vətənim üçün çox darıxdığıma görə geri qayıtdım. Amma bir faktı dana bilmərəm. Mən Türkiyədə, ümumiyyətlə bir çox xarici ölkələrdə tanınıram. Güman edirəm ki, o məşhurluğu burda da görəcəm. 

- Öz ölkənizdə tanınmamağınızın səbəbi nədir? 

- Azərbaycandan getmə səbəbim elə tanınmamağım, istədiyim dəyəri almamağımdan irəli gəlirdi. Düşündüm ki, bizə ən yaxın olan qardaş ölkəyə gedim və orada bəxtimi sınayım. Düzdür, Türkiyədə elə də məşhurlaşmadım, qayğı görmədim, amma ən azından tanınmışlarla əlaqəm yarandı. Məsələn, Hilal Sonseslə, Heijan, Muti, Reynmenlə eyni evdə yaşamışam. 
 
- Reynmenin adını çəkdiniz. Sizcə ikinci Reynmen Azərbaycana gələ bilər?

- Əlbəttə. Özümdən və komandamdan çox əminəm. O ki qaldı Reynmene, bəli, çox istedadlı sənətçidir və dünyaca məşhur ulduzların əldə etmədiyi uğurlara nail oldu. Bu, çox gözəl nəticədir. Yaxın dost olmasaq da, hazırda onunla əlaqəmiz var. Ən çox da mənim ona tövsiyələrim olur. Deyirəm ki, heç kimə qulaq asma, fikir vermə ancaq irəliyə doğru get.  


- Az öncə "Yandım ay aman" mahnısından danışdıq. Bu mahnının sizin həyatınızda yeri ayrıdır. Bilirik ki, bir müddət öncə sevgilinizi avtomobil qəzasında itirdiniz… 

- Bəli. Onun üçün çox darıxıram, amma təəssüf ki, geri qaytarmaq olmur. Bu hadisə təqribi 5-6 il öncə yaşanıb. Ailə üzvləri ilə birlikdə rayona gedəndə avtomobil qəzasına düşdülər. Nəticədə o qəzadan hər kəs sağ çıxdı, təkcə ondan başqa. Bir-birimizi çox sevirdik, amma ailəsi evlənməyimizə qarşı idi. Düzdür, yaşımız o dövrlərdə hələ az idi, amma buna baxmayaraq bir-birimizə bağlıydıq. Mən 11-də, o isə 10-da oxuyurdu. Deyirlər ki, uşaqlıq sevgisi olub, amma heç də elə deyil. Beşinci sinifdən bir-birimizdən xoşumuz gəlib. Ölümündən bir neçə ay öncə bu mahnını mənə göndərdi. Dedi ki, "Ali, istəyirəm ki, sən bu mahnını oxuyasan". Oxudum, amma o artıq yanımda deyildi…Məncə, o mənim hər bir uğurumu görür, hiss edir və sevinir. Əminəm ki, hazırda yanımdadır. Mahnım indi 61 milyonu keçib. İnanın ki, bu uğuru heç gözləmirdim. İki günə onu hazırladıq və "Youtube"-a yüklədik. 
 
- Sizcə, onun valideynləri münasibətinizə niyə qarşı idi? 

- Bəlkə də məni bəyənmirdilər, bilmirəm. Amma qəzadan sonra anası qarşı olduğuna görə çox peşiman oldu. Atası isə hələ də yataqdan qalxa bilmir. Çox üzücü haldır. Düz bir il heç kimlə, hətta ailəmlə belə əlaqə qurmadım, demək olar ki, yemək yemədim. Buna görə də çox zəiflədim, arıqladım. Onun ölüm xəbərini eşidəndə canımdan can getdi, elə bildim ki, ölmüşəm, ailəmdən kimisə itirmişəm…   

- Bir müddət öncə həmkarınız Aysun İsmayılova ilə duet oxudunuz. Hətta bəziləri sevgili olduğunuzu iddia etdi. Bu, doğrudur? 

- Xeyr, biz dostuq. O mənə "mama qurban" deyir. (gülür) 

Bəs, həyatınızda hazırda bir xanım varmı? 

- Xeyr, heç bu aralar istəmirəm də. Çünki ağlım ona qarışacaq, işimə vaxt ayıra bilməyəcəyəm. 

 
 - Şou-biznesin gündəmini izləyirsiniz? 

- Kim-kimə nə sözü atdı, qalmaqal elədi özü bilər, maraqlı deyil. Mən öz işimi görürəm. İnanın ki, müğənnilər qalmaqalı artıq bir layihə kimi təqdim edirlər. Belə olmaz. İndiyə qədər heç kimdən qalmaqal təklifi almamışam. Alsam belə o yolu seçmərəm. 

- Məşhurlardan kimsə sizə dəstək olub? 

- Ancaq "azəri qızı" Günel. Başqa heç kim. Heç digərlərindən o dəstəyi gözləmirəm. Bu gün dəstək olub, sabah minnət edəcəklərsə lazım deyil.  

- Yerli şou-biznes nümayəndəllərindən kiminlə duet oxumaq istəyərdiniz? 

- Röya, Aygün Kazımova, Elçin Cəfərov, Elton Hüseynəliyevlə oxumaq istəyərdim. 

- Oxuma tərzinizdə türk boğazları hiss olunur… 

- Bəli. İfalarımı milliləşdirmirəm. Çünki mənə belə daha rahatdır. İnanın ki, "İnstagram"da canlı yayım açıb, türk dilində danışanda çox qınanılıram. Əgər qarşımdakı insan "Alican, nasılsın, ne yapıyorsun" sualını türkcə verirsə, mən nə cavab verməliyəm? Deməliyəm ki, "sağ ol, qaqaş, yaxşıyam sən necəsən?" Axı düz gəlməz və məni də anlamaz.  

- "O ses Türkiye" layihəsinə müraciət etməyi düşünürsünüz? 

- Ordan təklif aldım, amma müqaviləm olduğuna görə gedə bilmədim. Gələcəkdə getməyi düşünmürəm, ehtiyac da görmürəm. Çünki, məncə yarışmalar özünü sübut edə bilməyən, tanınmayan ifaçılar üçün nəzərdə tutulub. Mən isə kifayət qədər tanınıram və daha da məşhurlaşacam. Bir sözlə yolum ulduzluğa doğrudur.  


- "Youtube" platformasında mahnılarınızın baxış sayı kifayət qədərdir. Sosial şəbəkələrdən nə qədər pul qazanırsınız? 

- Dəhşətli dərəcədə çox. (gülür)  

- Hər hansısa mahnınızda “panel”dən (saxta baxış) istifadə etmisiniz?

- Heç vaxt. 

- Damla, Şəbnəm Tovuzlunu dinləyirsiniz?

- Ancaq müəyyən mahnılarını. Düzdür, bütün günü onlara qulaq asmıram, amma radioda mahnıları səslənəndə, dəyişmirəm. Hər birinə uğurlar arzu edirəm.  

- Sizcə, Azərbaycanda bayağı musiqi var?

- Əlbəttə, elə bayağı mahnılar bizdədir: "Aynadan gözəl", "Ay canı yanmış", "Can-cana". Onlar nəinki "bozbaş", hətta "buğlama" sayılırlar. 



- Deyirlər ki, məmurların bağ məclislərində, toylarında oxuyursunuz. Bu, həqiqətən belədir? 

- Bəli. Bir çox yuxarı təbəqənin nümayəndələrinin, məmurlarımızın məclislərində oxumuşam. Hətta o qədər çox iştirak etmişəm ki, artıq onların ailə üzvlərinə çevrilmişəm. Onlardan ancaq isti münasibət, qayğı görmüşəm.   

- Hədəfiniz nədir?

- "Alican" brendini yaradıb, 70-80 minlik stadionlarda konsert vermək. Arzu edirəm ki, elə o konsertlərdə dinləyicilərim bütün mahnılarımı mənimlə bir yerdə əzbərdən oxusunlar. İnanıram ki, çox qısa zamanda bütün xəyallarıma nail olacam. Çünki Allah mənə səs və görünüş bəxş edib.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov