Peşə və kvalifikasiya standartlarının reyestri istifadəyə verildi
    • 12-02-2021, 16:28
    • 430

Peşə və kvalifikasiya standartlarının reyestri istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə və kvalifikasiya standartlarının reyestri istifadəyə verilib. Reyestrdə nazirliyin ötən il hazırladığı 300 standart əhatə olunub.

News24.az xəbər verir ki, bu standartlar işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Onlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Yeni xidmət vasitəsilə işəgötürənlər işçi qüvvəsinin qiymətləndirməsini həyata keçirə biləcək, əmək bazarında peşə bilik və bacarıqlarına dair tələblərin müəyyən olunmasında iştirak edəcək. İşçilər isə peşələrinə, ixtisaslarına dair əmək bazarının tələbləri ilə yaxından tanış olacaq, öz bilik və bacarıqlarını bu tələblərə uyğun təkmilləşdirməklə karyera yüksəlişi üçün imkanlar əldə edə biləcək.

Standartlardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalında, “e-Xidmətlər” bölməsinə yerləşdirilərək bütün maraqlı tərəflərin istifadəsinə verilib. https://e-sosial.az/#/eServiceFrame/36549116
2021-ci ildə daha 350 belə standart hazırlanaraq reyestrə daxil ediləcək.