Bərbərxanada qadını itələyən polis İŞDƏN ÇIXARILDI
    • 17-02-2021, 12:43
    • 590

Bərbərxanada qadını itələyən polis İŞDƏN ÇIXARILDI

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb: "Yekunda fakt təsdiqini tapıb. Qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilib". 

Qeyd edək ki, hadisə fevralın 12-si saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib.
Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə (təhlükəsizlik kamerasına qeydə alınan görüntülərdə qadının maskadan düzgün istifadə etdiyi açıq görünür) cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.