Aparıcıdan kəskin ittiham: “Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar...”
    • 22-10-2018, 18:50
    • 696

Aparıcıdan kəskin ittiham: “Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar...”

"5-ci element" proqramının aparıcısı Ranar Musayev sosial şəbəkədə Azərbaycan televiziyalarının bugünkü vəziyyəti barədə geniş status yazaraq hər kəsi efirdə nümayiş olunan eybəcərliyi boykot etməyə səsləyib.
Aparıcı son illərdə efirlərdə baş alıb gedən özbaşnalıqlara son verilməsi tələbi ilə çıxıb edib. O, həmçinin həmkarlarının yol verdiyi xətalara kəskin etiraz edib:
"Like və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, fırıldaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr və özlərinə bənzər qonaqları haqqında xəbər yayan saytlar. Eləcə də bu videoları paylaşıb şərh edən insanlar - müraciətim sizədir! Əslində, onları tənqid yox, təbliğ edirsiniz!
Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiniz. Yox! Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur! Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdıdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məhşurlaşdırırsınız, yaşadırsız, populyarlaşdırırsız. Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar. Siz isə növbəti dəfə onların toruna düşüb paylaşacaqsız. Bu faciədən özümüzü və ətrafımızı qorumalıyıq!
Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun! Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın! Alınmırsa bu barədə yazan saytları, səhifələri blok edin ki, görməyəsiz. Qoy bilsinlər, mənəviyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq. Daha doğrusu "unfollow" və blok olunacaq! İnanın, hərədən 1 "unfollow" kifəyət edər ki, bu tip məqalələr, videolar aradan yığışdırılsın! "Unfollow" və ya blok edərkən, inboksa bu addımın səbəbini yazin, bilsinlər!
Televizoru onun üçün söndürmədik ki, indi də sosial medianı zibilləsinlər... Bu mövzular ətrafında hay-küyü öldürməklə, onları diqqət dairəmizdən çıxarmaqla, bu tipdə paylaşımları iqnor etməklə vətənimizi, millətimizi bu dəhşətdən qurtara bilərik. Əks halda bu faciə hər birimizin əksinə işləyəcək. Yeni nəsil bunları görüb yetişir və norma kimi qəbul edir. Çünki, gözünü açandan bu səviyyəsizliyi görür. Övladlarımızın onlara bənzəməsi qaçılmazdır. Amma çıxış yolu var. Mübarizəyə qoşulun! Hər şey çox sadə və asandı. Hazırsız? Onda "Səviyyəsizliyə STOP" boykot kampaniyasina qoşulun! Hamıya uğurlar!"
//Milli.Az