Villada baş verən faciənin GERÇƏK SƏBƏBİ
    • 23-02-2021, 19:19
    • 424

Villada baş verən faciənin GERÇƏK SƏBƏBİ

Xəbər verdiyimiz kimi, Badamdar qəsəbəsində beş nəfər dəm qazandın zəhərlənərək vəfat edib. Onların nəşləri ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetinin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evlərində qalırmış.

Hadisə yerində adının çəkilməsini istəməyən qonşu olayın təfərrüatlarını News24.az-a danışıb: "Hadisə dünən gecə saatlarında baş verib. Bildiyim qədər, kombinin trubası yerə düşüb, külək də qazı vurub evin zirzəmisinə doldurub. Nəticədə də evdəkilər dəm qazından zəhərləniblər. Gecə olunduğundan hamısı yataqda olub". 

Qonşu onu da dedi ki, hadisə baş verən ev 1 ildir ki, təmirdəymiş: "Çox ağır dərddir. Allah səbir versin. Bir ailənin iki oğlu, eyni zamanda iki əmisi uşaqları, bir də usta qohum dünyasını dəyişdi..Hamısını dəfn etmək üçün Beyləqana apardılar".

Qeyd edək ki, vəfat edənlərdən Atillanın 16, evdə çalışan ustanın 45, digərlərinin isə 17, 21, 24 yaşları vardı.

Sevda Bayramova