Ermənilər Zəngəzurdan qaçır – Rusiyalı deputat həyəcan təbili çaldı – “Qarşısını almalıyıq” - FOTOFAKT
    • 4-03-2021, 13:29
    • 1 692

Ermənilər Zəngəzurdan qaçır – Rusiyalı deputat həyəcan təbili çaldı – “Qarşısını almalıyıq” - FOTOFAKT

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası çərçivəsində bir sıra yaşayış məntəqələri və kəndlərin Azərbaycanın nəzarətinə keçməsi həmin ərazilərdə yaşamış erməniləri ciddi şəkildə qorxuya salıb. Onlar hər gün silahlı Azərbaycan əsgərləri ilə qarşılaşdıqlarını əsas göstərərək, həyatlarının təhlükə altına düşdüyünü deyirlər. Bu səbəbdən də evlərini tərk edir və yeni yaşayış yeri kimi Ermənistanın digər bölgələrini deyil, əsasən Rusiyanı seçirlər. Artıq erməni ekspertlər də Ermənistandan Rusiyaya insan köçünün kütləvi hal almasından narahatlıq ifadə edirlər. İddia olunur ki, proses bu şəkildə davam edərsə, Azərbaycanla sərhəd bölgələrdə yaşayan ermənilər barmaqla sayılacaq...

News24.Az xəbər verir ki, ermənilərin xüsusən Zəngəzur bölgəsindəki kəndləri tərk etməsi rusları da narahat edir. MDB məsələləri üzrə Duma komitəsinin üzvü, deputat Konstantin Zatulin mətbuata verdiyi açıqlamada ermənilərin Zəngəzur bölgəsini tərk etməsi faktına toxunaraq, bunun qarşısını almağın vacibliyindən danışıb. Zatulin hesab edir ki, situasiya dəyişməzsə Sünikdə (Zəngəzur) Rusiya Silahlı Qüvvvələrinin qruplaşmaları artırılmalıdır: “Mənə elə gəlir ki, situasiya bunu tələb edir. Bu, ona görə lazımdır ki, ermənilər Ermənistandan qaçmasınlar”.

Qeyd edək ki, demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna, həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. Həmçinin, ermənilərin qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhəri ərazisinə daxil etdikləri bir neçə kənd, eləcə də Gorus-Qafan yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib.