Siyasi partiya rəhbərləri Qarabağa səfərə hazırlaşır: “Biz o torpaqları birlikdə almışıq”
    • 15-03-2021, 16:24
    • 592

Siyasi partiya rəhbərləri Qarabağa səfərə hazırlaşır: “Biz o torpaqları birlikdə almışıq”

Azərbaycanda siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək. Səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil edilir.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı məsələ ilə bağlı News24.az-a danışaraq bildirib ki, səfər mart ayının 17-də baş tutacaq: “Bizə tapşırılıb ki, əvvəlcə koronavirus test verək. 

Çox istərdim ki, Ağdamdan başlayaraq, bütün hər yeri gəzim. Ancaq bizim arzumuz burada önəmli məsələ deyil. Maşrutu dövlət qurumları müəyyənləşdirib. İşğaldan azad edilən ərazilərimizə ilk səfərimizdir. Hesab edirəm ki, bundan sonra davamlı olacaq”. 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, əfv komissiyasının iclası olduğu üçün Qarabağa nümayəndələrini göndərəcək.

REAL partiyasının üzvü iqtisadçı ekspert Natiq Cəfərli səfər üçün dəvət edildiklərini deyib: “Dəvəti qəbul etdik və iştirak edəcəyik. Bu gün axşam toplantımız olacaq. Kimlərin gedəcəyi müzakirə olunacaq. Bizə deyilənə görə, qeydiyyatdan keçən parlament partiyalarının hamısına dəvət göndərilib”. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı səfərin mahiyyətindən söz açıb: “Mili Məclis özlüyündə partiyaların həmrəyliyini ifadə edir. Qarabağ səfəri istənilən halda partiyalar arasında səmimiyyəti daha da artıracaq. Dağıdılan, hücuma məruz qalan ərazilərimizi gördükdən sonra insanın içində belə bir hiss baş qaldıracaq ki, axı biz niyə bir-birimizin mənəyiyyat dünyasını dağıdırıq?  Düşmən onsuz da bu illər ərzində yetərincə dağıdıb. Biz o torpaqları birlikdə almışıq, eyni qaydada bərpa etməliyik”. 

Siyasət şöbəsi