Rumıniya ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olundu
    • 15-03-2021, 18:51
    • 542

Rumıniya ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olundu

Ötən dövrdə Azərbaycanla Rumıniya arasında əməkdaşlığın inkişafına xidmət edən 60-dan çox sənəd imzalanıb və iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələr ildən-ilə genişlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, bunu nazir, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşündə bildirib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfəri qeyd edən nazir beynəlxalq səviyyədə tanınmış ərazilərimizin  Ermənistanın işğalından azad edildiyini vurğulayıb. İşğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

S.Babayev beynəlxalq əlaqələrin, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Ruminiya dövlət başçılarının qarşılıqlı səfərləri, imzaladıqları əməkdaşlıq sənədləri iki ölkə arasında əlaqələrin inkişafına şərait yaradıb. Bu gün Avropanın vacib və etibarlı tərəfdaşı olan və ötən dövrdə enerji ixrac marşrutlarını şaxələndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə də öz töhfələrini verməkdədir.

Nazir ölkəmizdə nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə Rumıniya şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib.

D.İanku Rumıniyanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də bu məqsəd üçün səylərini daim artırdığını diqqətə çatdırıb. Bu gün iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin iki ölkə arasında əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib. Bu əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına, həmçinin Müştərək Komissiyanın növbəti iclasının keçirilməsi məsələlərinə  dair fikir mübadiləsi aparılıb.