Deputatlar onlara verilən hədiyyələri Milli Məclisə təhvil verəcəklər
    • 24-10-2018, 14:35
    • 958

Deputatlar onlara verilən hədiyyələri Milli Məclisə təhvil verəcəklər

Azərbaycanda deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.
Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.
Əlavə edilən 10.3-cü maddəyə əsasən isə, deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli, və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.
Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.