Eşşək əti halaldırmı?
    • 25-10-2018, 14:35
    • 1 911

Eşşək əti halaldırmı?

“Problem eşşək ətinin satılması yox, istehlakçıların aldadılmasıdır”
Bu günlərdə gündəmi işğal edən mövzulardan biri də eşşək əti məsələsidir. Uzunqulaqlarla bağlı mövzu müzakirə olunduqca uzanır.  İtən eşşəklər, bazarda mal əti adı ilə təqdim olunan eşşək ətləri, hər dərdə dərman olduğu deyilən eşşək südü, yeni açılan eşşək fabriki və sair...
Bu heyvanın südünü  hər kəs sağlamlıq iksiri hesab etsə də, ətini yeməyi ağlından belə keçirmir. Lakin  mətbuatdan oxuduqlarımız onu deməyə əsas verir ki, bazara çıxarılan mal ətlərinin, kolbasa və sosislərin, kafelərdəki yeməklərin içində uzunqulaq ətinin olması da istisna deyil. Hər dəfə yüzlərlə heyvanın itməsi ilə bağlı xəbərlər gələndə insanların ağlına bu ürəkbulandıran ehtimal gəlməkdədir.
Bu yerdə suallar yaranır ki, ümumiyyətlə, eşşək əti  satışı qanunla qadağan edilə və onu satanlar cəzalandırıla bilərmi? Eşşək əti haramdırmı? İslam dini bu heyvanın ətindən istifadə etməyə icazə verirmi?

Hüquqşünas Əkrəm Həsənov belə bir qadağa üçün əsas olmadığını bildirdi. Onu da vurğuladı ki, mal əti adı ilə alıcılara eşşək əti satılması birbaşa qanun pozuntusudur: “Eşşək ətinin satılması ilə bağlı qadağa qoyulmasının heç bir hüquqi  əsası yoxdur. Hazırda olan problem eşşək ətinin satılması yox, istehlakçıların aldadılmasıdır. Bununla bağlı ”İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanun var və həmin qanuna görə, ətin hansı heyvana aid olması ilə bağlı alıcıya məlumat verilməlidir. Bu gün hansısa sahibkar istehlakçılara qoyun və ya mal əti əvəzinə eşşək əti yedizdirirsə, faktiki olarq bu qanunu pozmuş olur. Doğrudur, o əti yeməyin hər hansı ziyanı yoxdur. Ancaq bizim  cəmiyyətdə qəbul edilmir. Ancaq bu, qadağa üçün də əsas vermir.
Bu aspektdən yanaşsaq, o zaman müsəlmanlar donuz ətini də yemirlər. O demək deyil ki, donuz ətinin də satışı qadağan olunmalıdır. Başqa dinin nümayəndələri gəlib burada donuz əti alıb yeyə bilər. Sadəcə, istehlakçı aldadılmamalıdır və ətin hansı heyvanın əti olduğu ilə bağlı məlumatlandırılmalıdır".
İlahiyyatçı Hacı Samir Əzizov isə eşşək ətinin halallığı ilə bağlı İslam alimləri arasında iki fərqli fikrin olduğunu bildirdi:“Uzunqulaq əti yeməyin hökmü ilə bağlı  İslam alimləri arasında  bir neçə fikir var. Böyük İslam alimlərindən birinin fikrinə görə, eşşək əti haramdır. Bəzi alimlər isə bu heyvanın ətini halal hesab edir, lakin onun yeyilməsinin kərahətli olduğunu, yəni bəyənilməyən əməl olduğunu deyirlər. Yəni bu məsələ alimlərin fikirlərinə görə dəyişir. Kim hansı alimə təqlid edirsə, hansının fikirlərini əsas götürürsə, ona uyğun olaraq əməl etməlidir. Bu məsələ hər yerin öz adət-ənənəsinə də bağlıdır. Məsələn, bəzi xalqlarda at ətinin yeyilməsi normal qəbul edilir, lakin bizdə mal və qoyun əti istifadə edilir. İslamda ”ürf" deyilən bir anlayış var, bu da fərqli yerlərin adət-ənənəsi deməkdir. İslamda hər hansı məsələ halal buyurulsa da, müsəlmanlar yaşadıqları yerin adət-ənənəsini də nəzərə almalıdırlar".

//Yeni Müsavat