Bakıda qənnadı məmulatlarının istehsalı müəssisəsinin FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI
    • 29-03-2021, 19:45
    • 587

Bakıda qənnadı məmulatlarının istehsalı müəssisəsinin FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan News24.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Qambay Vəzirov küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Osman Umurxan oğlu Osmanova məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı müəssisədə istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı, həmçinin hazırlanan qidaların mikrobioloji və fiziki çirklənməyə məruz qalma riskinin olduğu müəyyən edilib. Məlum olub ki, təmizlik inventarlarının, yuyucu vasitələrin və dezinfeksiyaedici məhlulların saxlanılması normalara uyğun olaraq aparılmadığından müəssisədə kimyəvi çirklənmə təhlükəsi riski mövcuddur.

Müəssisədə istehsal olunan qənd və marmelad məhsullarından nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Təqdim edilən marmelad məhsulunun normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi məlum olub və həmin partiya məhsulun məhv olunması barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır.