Qarabağda yeni hərbi prokurorluqlar yaradılır - SƏRƏNCAM
    • 1-04-2021, 18:30
    • 710

Qarabağda yeni hərbi prokurorluqlar yaradılır - SƏRƏNCAM

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncam işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədi daşıyır.

Sərəncamla aşağıdakı hərbi prokurorluqlar yaradılır:

Qubadlı Hərbi Prokurorluğu;

Kəlbəcər Hərbi Prokurorluğu;

Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

Nazirlər Kabineti Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli, sərəncamda nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Prezidentə təqdim etməli, Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.