Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
    • 10-04-2021, 19:23
    • 818

Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır

Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı müxtəlif fikirlər irəli sürülür, onlardan biri də qrunt sularının qalxmasıdır. Lakin son 10 gündə Neftçala rayonunda cəmi bir gün 3 mm yağıntının düşməsi qeydə alınıb. 

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev News24.az-a bildirib ki, dəniz səviyyəsi isə keçən ilin aprel ayı ilə müqayisədə  18 sm aşağıdır və bunu nəzərə alaraq son günlərdə qrunt sularının təsiri nəticəsində duzluluğun artması  ehtimalı yüksək deyil.
 
"Lakin digər meteoroloji amillərin təhlili göstərir ki, aprelin birinci ongünlüyü küləkli hava şəraiti ilə səciyyələnib. Belə ki, ongünlüyün 7 günü küləyin sürəti 13 m/s-dən çox, 2, 5, 6, 7, 9 və 10 apreldə 16-18 m/s, arabir 22-28 m/s çatıb.
Eyni zamanda Neftçalada külək davamlı olaraq əsasən şərq, şimal-şərqdən əsib”. 
 
Xidmət rəsmisinin sözlərinə görə, Kürün sululuğunun  ümumiyyətlə normadan  az olması onun axarının sürətinin azalmasına, bu da öz növbəsində  küləyin gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur.
 
“İqlim dəyişmələri fonunda  biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli  istifadə olunmasına bir işarə olmalıdır.

 Məlumat üçün bildirim  ki, Kür- Surra məntəqəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə  səviyyə 10 sm, Kür-Bankə məntəqəsində (Neftçala) 37 sm aşağıdır. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi və  gözlənilən yağıntılı hava şəraiti ilə bağlı  yaxın günlərdə Kür çayına tökülən çaylarda sululuğun artımı gözlənilir. Nəticədə Kür çayında və Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır”.